Şrift:
Şirazda daha 7 bəhai həbə və nağd pul cəriməsinə məhkum edilib
22.07.2020 [14:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, iyulun 20-də Şiraz Apelyasiya Məhkəməsinin 7 bəhaiyə qarşı hökmü oxunub. Məhkəməsinin hökmü ilə, bəhai dininə inanmaqda və onu təbliğ etməkdə, sistemə qarşı təbliğat aparmaqda və rejimə müxalif olan qruplara üzv olmaqda günahlandırılan 7 bəhaidən 6-sı ümumilikdə 19 il 6 ay həbs cəzasına məhkum edilib.


Yayılan məlumatda bildirilir ki, məhkəmənin qərarı ilə bəhailər Nilufər Həkimi 5 il 9 ay həbsə, Nəvid Bazmandeqan, Bəharə Qadiri, Nura Purmuradiyan, Sudabə Həqiqət və İlahə Səmizadə isə hər biri 2 il 9 ay həbsə, digər bəhai Ehsanulla Məhbub Rahi Vəfa isə 1 milyon tümən nağd pul cəriməsinə məhkum edilib.


Məlumatda qeyd edilir ki, hər 7 bəhai, 2016-cı və 2019-cu illərdə dini əqidələrinə görə Şirazın təhlükəsizlik qüvvələri tərəfindən həbs olunsalar da, az sonra mülki vəsiqə girovu qoyaraq, məhkəmələrinin keçirilməsinə qədər müvəqqəti olaraq azadlığa buraxılmışdılar.


Xatırladaq ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikası konstitusiyası bəhai dinini müstəqil bir din kimi tanımır. Elə buna görə də, son 42 ildə ölkədə bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.


İrandakı hakim radikal axundların təhriki ilə rejimə bağlı muzdlu “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını dağıdırlar. 1979-cu ildə İranda üzdəniraq islam hakimiyyəti qurulandan bu günə qədər yüzlərlə bəhai edam edilib.
Bu xəbər oxucular tərəfindən 441 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed