Şrift:
Buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbulu davam edir
23.07.2020 [11:00] - Gündəm, Mədəniyyət
XI sinif şagirdləri üçün iyunun 18-19-da və 24-25-də keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, apelyasiya komissiyasına müraciət etməzdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən illərin təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırılır ki, bu tip müraciətlərə baxılmayacaq.

Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 24 iyul saat 23:59-dək apelyasiya.dim.gov.az saytında elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

Şagirdlər (abituriyentlər) iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən istifadə etməklə sistemə daxil olurlar. Burada “Ev telefonu”, “Mobil telefon”, “E-mail” bölmələrində müvafiq məlumatlar qeyd edilir. “Apelyasiyanın nəticələrinin izahını necə əldə etmək istəyirəm” hissəsində təklif olunan variantlardan biri seçilir. Şagirdin imtahanla bağlı hər hansı xüsusi bir qeydi varsa, “ümumi qeyd” hissəsinə yaza bilər.

Daha sonra tapşırığın nömrəsini və müraciətin məzmununu (yazılı cavabın səhvən başqa tapşırıq üçün ayrılmış yerə yazılması, yazı işinin yenidən qiymətləndirilməsi, cavabın səhv kodlaşdırılması, sual kitabçasına baxılması, tapşırığın şərtinin izah edilməsi) seçməklə müraciət edən istəyini aydın şəkildə müvafiq sahələrə daxil edib qarşısındakı “Yadda saxla” şəkil–düyməsinə basmaq lazımdır. Digər tapşırıqlara verilən cavabların da qiymətlərdirilməsi ilə bağlı iradlar olarsa, əməliyyatı təkrar etmək lazımdır. Müraciətlərinizi tam formalaşdırandan sonra (müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur) fotoşəklin altındakı “Qeydiyyata al” düyməsinə basmaq lazımdır. Verilən məlumatı diqqətlə oxuduqdan sonra “Təsdiq et” düyməsini basmaqla müraciət yekunlaşdırılmış olur. Müraciətlə bağlı araşdırma başa çatdıqdan sonra ərizədə qeyd edilən elektron poçt ünvanına və ya telefon nömrəsinə bağlantının vaxtı barədə məlumat göndəriləcək.

Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı, valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Müraciətlərə 27 iyul 2020-ci il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) qaydada baxılmağa başlanılacaq.
Bu xəbər oxucular tərəfindən 431 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed