Şrift:
“Unudulmazlar” rubrikasından Milli Ordunun könüllü döyüşçüsü Vəfa Dəmirçioğlu yad edilib
23.07.2020 [11:02] - Xəbərlər, Hərb
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin X.B.Natəvan adına kitabxana-filialı karantin rejimi elan edildikdən sonra Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Evim–yeni iş yerim” layihəsinə qoşularaq, fəaliyyətini virtual məkanda davam etdirir, oxucularla maraqlı mövzularda söhbətlər aparır.

Kitabxana-filialdan bildirilib ki, iyulun 23-də Milli Ordunun könüllü döyüşçüsü, igid qəhrəman Vəfa Dəmirçioğlunun doğum günü olduğundan filialın oxucularla bugünkü virtual görüşü “Unudulmazlar” rubrikasından Vəfa Dəmirçioğluna həsr olunub.

Kitabxananın əməkdaşı, qurumun nəzdində fəaliyyət göstərən S.Vurğun Poeziya Ocağı İctimai Birliyinin rəhbəri Zərəngiz Mansurova virtual oxuculara qəhrəman haqqında söhbət açıb, ona həsr etdiyi şeirlərini təqdim edib.

Bildirilib ki, Vəfa Dəmirçioğlu Vətən darda olanda istər arxa, istərsə də ön cəbhədə oğullarımızla çiyin-çiyinə döyüşüb, Qərb bölgəsində ən strateji nöqtə, ən qanlı-qadalı cəbhə olan Qazax rayonunun Daş Salahlı kəndindəki möhtəşəm Avey yüksəkliyinin düşməndən mühafizə olunmasında böyük igidliklər göstərib.

O, istər Daş Salahlı kəndində döyüş əhvali-ruhiyyəsinin yüksəlməsində, kənddə səngər qazılmasında, qərargah yaradılmasında, istər də savaş meydanında odun-alovun içərisində bir igid kimi davranıb, cəbhə bölgəsi olan kənddə tam müdafiənin qurulmasında böyük fədakarlıqlar göstərib. Vətəninin, doğma kəndinin könüllülərinə arxa-dayaq olub, neçə dəfə döyüşən əsgərləri və kənd sakinlərinin həyatını xilas edib, bu rəşadətinə görə hər zaman el içində yüksək hörmətə, ehtirama layiq görülüb.

Vəfa Dəmirçioğlunun igidliyi haqqında hələ sağlığında oçerklər, hekayələr, şeirlər yazılıb. Vəfatından sonra isə o, bir ədəbi qəhrəmana çevrilib. Əməkdar Jurnalist, “Şərq” qəzetinin baş redaktoru və təsisçisi Akif Aşırlı, yazıçı Hicranə Əhmədqızı, şairlər Eyyub Paşa, Azadə Taleh Hüseynova, Zərəngiz Dəmirçi Qayalı, Elmar Sahib və başqalarının yazdığı ədəbi nümunələrdə bu igid döyüşçünün göstərdiyi rəşadətindən, igidliyindən bir örnək kimi söhbət açılır. Doğulduğu Qazax rayonunun mərkəzində “Şəhidlər xiyabanı” deyilən müqəddəs məkanda “Şəhidlərin qız qardaşı-Vəfa Dəmirçioğlu” bulaq kompleksi inşa olunub.

Virtual görüşdə bir daha vurğulanıb ki, şəhidlərimiz heç vaxt ölmür, onlar hər zaman yad olunurlar.
Bu xəbər oxucular tərəfindən 574 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed