Şrift:
Netanyahu: "İrana qarşı son tədbirimizin detalları açıqlanmasa, daha yaxşıdır"
25.07.2020 [11:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə dünən axşam keçirdiyi mətbuat konfransında danışan Netanyahu bildirib ki, ölkəsi İranın nüvə və uzaq mənzilli raket proqramları, habelə Suriyada möhkəmlənməsinə qarşı adekvat tədbirləri görməyə davam edir.


Netanyahunun sözləri onun İranın nüvə, hərbi sənaye, hərbi bazalar, elektrik stansiyaları, neft kəmərləri və digər bu kimi təsisatlarında son həftələr ərzində baş verən sirli silsilə yanğın və parlayışlarla bağlı ilk çıxışıdır.


Xüsusilə, Nətənz nüvə təsisatında baş vermiş qəzadan sonra istər İran daxilində, istərsə də xaricdə və İsrailin özündə bu hadisənin arxasında İsrailin dayandığı barədə fikirlər yayılıb.


Nətənz hadisəsindən bir gün sonra İsrailin Xarici İşlər Naziri Qabi Eşkenazi ölkəsinin İranla mübarizədə müəyyən addımlar atdığını, lakin bunun gizli qalmasının daha məqsədəuyğun olduğunu deyib.


Netanyahunun dünənki çıxışından bir neçə saat qabaq "Jerusalem Post" qəzeti israilli mütəxəssislərə istinadən "Mossad"ın İrandan ələ keçirdiyi nüvə fəaliyyətləri ilə bağlı məxfi sənədlər vasitəsilə sözügedən nüvə təsisatında partlayış törədə bilmə ehtimalının mövcud olduğunu qeyd edib.


Netanyahu 2018-ci ilin may ayında etdiyi çıxışında ölkəsinin məxfi əməliyyat çərçivəsində Tehran yaxınlığında yerləşən İranın gizli nüvə fəaliyyətləri göstərdiyi mərkəzdən 183 CD-yə yerləşdirilmiş, ümumi çəkisi yarım tondan çox olan 55 000 sənədi ələ keçirdiyini elan etmişdi.


Digər tərəfdən, iyulun əvvəllərində İran Milli Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Cavad Kərimi Qüddüsi Nətənz təsisatındakı partlayışın səbəbini "qoruma və mühafizə məsələlərində sızma" ilə əlaqələndirib.


İyulun 12-də İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi İsrailin Nətənzdəki partlayışda əli olması ilə bağlı deyilənlərə verdiyi reaksiyada bu faktın öz təsdiqini tapacağı təqdirdə, rəsmi Tehranın Tel-Əvivə adekvat cavab verəcəyini iddia edib.
Bu xəbər oxucular tərəfindən 493 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed