Şrift:
Amerika: "İranın körfəzdə hərbi təlimləri məsuliyyətsiz və düşünülməmiş addımdır"
29.07.2020 [10:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Hərbi manevrlərə reaksiya verən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının sözçüsü Rebekka Ribaric bildirib ki, ölkəsi İranın təlimlərdə ABŞ-ın təyyarə daşıyan gəmisinin maketinə raket zərbələri endirməsindən məlumatlıdır.


Onun sözlərinə görə, təlimlər nə regionda fəaliyyət göstərən koalisiya qüvvələrinin işinə, nə də Hörmüz boğazı və ətrafdakı dəniz suları vasitəsilə baş tutan beynəlxalq ticarətin təhlükəsizliyinə maneə yaratmayıb.


Qeyd etmək lazımdır ki, İranın Hərbi Dəniz Qüvvələri "Sepah"ın Aviasiya Qüvvələri ilə birlikdə körfəzdə və Hörmüz boğazında "Pəyambəre-Əzəm 14" adlı taktiki hərbi təlimlərin son mərhələsini keçirir.


İran Dövlət Televiziyası bir neçə saat əvvəl təlimlər zamanı ABŞ-a məxsus təyyarə daşıyan gəminin maketinin raket atəşinə tutulmasını ehtiva edən görüntüləri yayıb.


İran mediasının məlumatına görə, sabahadək davam edəcək hərbi manevrlərdə bu gün ballistik və qanadlı raketlərə qarşı hava hücumundan müdafiə sistemlərinin, təyyarə daşıyan gəmilər, eləcə də hava, sahil və dənizdən buraxılan raketlərlə mübarizə üçün nəzərdə tutulmuş döyüş vasitələrinin taktiki atışları həyata keçirilib.


Təlim zamanı dənizdən buraxılan uzaqmənzilli ballistik raketlərin də atışlarının keçirilməsi planlaşdırılır.


Xatırladaq ki, İranın ballistik raket proqramı uzun müddətdir dünya ictimaiyyətinin narazılığı ilə qarşılanır. ABŞ, Avropa və Yaxın Şərq regionu ölkələri dəfələrlə İrandan bölgədə sülh və təhlükəsizliyi təhdid edən bu proqramı dayandırmağı tələb ediblər.
Bu xəbər oxucular tərəfindən 405 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed