Şrift:
Təbrizdə “Sepah” kazarmasında baş verən partlayışla bağlı ziddiyyətli xəbərlər yayılır
01.08.2020 [14:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyulun 30-u axşam saatlarında Təbrizin Mənzəriyyə məntəqəsində yerləşən Aşura “Sepah”ının silah anbarında bir neçə partlayışın baş verməsi barədə sosial şəbəkələrdə xəbərlər yayılmağa başlayıb.


Yayılan bəzi xəbərlərdə “Sepah” kazarmasına İsrail tərəfindən hücum edildiyi, partlayış səslərinin isə bununla əlaqədar olduğu iddia edilsə də, xəbərlərin yayılmasından az sonra Şərqi Azərbaycan valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əliyar Rastqu məsələyə münasibət bildirirək, bu barədə yayılan məlumatları təkzib edib.


Əliyar Rastqu deyib ki, Təbrizdə partlayışın baş verməsi ilə bağlı yayılan xəbərlər “şayiə”dən başqa bir şey deyil: “Dünən gecə eşidilən səslər Təbrizin müxtəlif məhəllələrində Qurban bayramı münasibəti ilə həyata keçirilən atəşfəşanlıqla bağlı idi. Bununla da şəhərdə hər hansı partlayış baş verməsi ilə əlaqədar yayılan xəbərlər təkzib edilir” –deyə, Şərqi Azərbaycan valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əli Rastqu bəyan edib.


Əliyar Rastqu partlayışla bağlı yayılan xəbərləri təkzib etməsə də, Güney Azərbaycanın sosial şəbəkələrində, eləcə də “Telegram”da yayılan məlumatlarda bildirilir ki, iyulun 31-i sübh saatlarından başlayaraq, Təbrizin bütün giriş və çıxış yolları “Sepah”, polis və mülki geyimli təhlükəsizlik qüvvələrinin nəzarətinə götürülüb.


Yayılan məlumatda bildirilir ki, silahlı olan həmin qüvvələr Təbrizin çıxış məntəqələrində avtomobilləri saxlayır, avtomobillərdə yolxlama aparır, sürücülərdən və sərnişinlərindən kimlik və şəxsiyyəti təsdiq edən sənəd tələb edirlər.


Xatırladaq ki, son aylarda İranın bir sıra hərbi və nüvə mərkəzlərində şübhəli partlayışlar baş verib. Bir sıra analitiklər isə, həmin mərkəzlərin İsrailin hücumuna məruz qaldığını və İsraillə İran arasında gizli savaş getdiyini bildirirlər.
Bu xəbər oxucular tərəfindən 636 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed