Şrift:
İranda xristianlığı qəbul edən daha 4 nəfər həbsə məhkum edilib
10.08.2020 [09:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, Rəşt şəhər sakini olan yeni xristianlar Ramin Həsənpur, Hadi Rəhimi, Katrin Səccadpur (Səidə) və Səkinə Behcəti ümumilikdə 13 il həbsə məhkum edilib.


Bildirilir ki, Rəşt inqilab məhkəməsi hər dörd nəfəri ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, ev şəraitində idarə olunan kilsə iclaslarına qatılmaqda, xristianlığı təbliğ etməkdə və yaymaqda günahlandırılıb.


Məhkəmənin qərarı ilə Ramin Həsənpur 5 il, həyat yoldaşı Katrin Səccadpur (Səidə) 2 il, Müslüm Rəhimi 4 il, Səkinə Behcəti isə 2 il həbsə məhkum edilib.


Yeni xristianlar bu ilin fevral ayında həbs olunub Rəştin Lakan zindanına salınsalar da, az sonra onların hər biri 200 milyon tümənlik mülki vəsiqə qoyaraq, məhkəmələrinin keçirilməsinə qədər müvəqqəti olaraq sərbəst buraxılmışdılar.


Qeyd edək ki, İrandakı şəriət cəza qanunlarına görə, islamı tərk edən və başqa bir dinə keçən hər bir şəxs “mürtəd” sayıldığına görə ölümə məhkum olunmalıdır. Lakin İran rejimi beynəlxalq qurumların etirazını nəzərə alaraq, bu kimi şəxsləri açıq-aşkar edam edə bilmədiyinə görə, onları müxtəlif əsassız ittihamlarla həbsə salır, hüquqlarını məhdudlaşdırır, ailə üzvlərini təhdid edir, daima təzyiq altında saxlayırlar.
Bu xəbər oxucular tərəfindən 413 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed