Şrift:
Anti-Azərbaycan qüvvələrin təzyiqi nəticəsində Təbrizdə Təkəmçilər heykəli qaldırılıb
11.08.2020 [10:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təkəmçilər heykəli Təbriz Bələdiyyəsinin Görüntü, Mənzərə və Yaşıllıq idarəsinin təsdiqindən sonra hazırlanmışdı.

İyul ayının 24-də həmin heykəlin bəzi hissələri naməlum şəxslər tərəfindən sındırılmışdı. Əhalinin geniş etirazından sonra heykəl yenidən bələdiyyə tərəfindən təmir edilmişdi.





Məsələyə reaksiya bildirən bəzi azərbaycanlı sosial şəbəkə istifadəçilərinin fikrincə, heykəli dağıtmağa çalışanlar pan-iranist və irqçi təxribatçılar olub.





Təbriz Bələdiyyəsinin Görüntü, Mənzərə və Yaşıllıq idarəsinin rəisi Məsud Bərzgər Cəlali bildirib ki, sözügedən heykəl yenidən naməlum şəxslər tərəfindən zədələnib. Bərzgərin iddiasına görə, təkəmçilər heykəli təmir üçün heykəltəraşın emalatxanasına aparılıb.





İranın təhlükəsizlik qüvvələri heykəli sındıran şəxs və ya şəxslərin kimliyini asanlıqla müəyyənləşdirə bilərlər. Lakin məsələyə etinasız yanaşmaqla faktiki olaraq Azərbaycan düşmənlərinə dəstək verirlər.





Son illərdə Güney Azərbaycanda min illərlə keçmişi olan “Təkəmçilər” ənənəsi yenidən canlanmağa başlayıb. Təkəmçi Novruz bayramının və yazın gəlməyini mahnı oxumaq və ağacdan hazırlanmış təkəni dolandırmaq ilə xəbər verən ənənəvi müjdəçidir.





Qeyd edək ki, iyun ayında da Təbrizin Mənzəriyyə meydanında ucaldılan Azərbaycanın tanınmış şairi Məhəmməd Füzulinin heykəli naməlum səbəbdən qaldırılıb.





Bir müddət əvvəl də Təbrizin “Abrəsan” körpüsü üzərində quraşdırılan lövhədə Azərbaycan sözü qara rənglə boyanmışdı.
Bu xəbər oxucular tərəfindən 469 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed