Şrift:
“Azərbaycan-Türkiyə birliyinə qarşı çıxanlar bəzi dövlətlərin buradakı “danışan boğazıdır” – Fərəc Quliyev
13.08.2020 [21:05] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Türkiyə ən açıq mətnlə bəyan edib ki, bütün hərbi potensialımız həm də Azərbaycanın əmrindədir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkə daxilində Azərbaycan-Türkiyə siyasi-hərbi müttəfiqliyinə qarşı çıxanların xarici mərkəzlərdən idarə olunduqlarını bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib.

Fərəc Quliyevin sözlərinə görə, Azərbaycan-Türkiyə müttəfiqliyinə xələl gətirmək istəyənlər kənar iradənin icraçılarıdır:

“Azərbaycanın güclü olmağını, eyni zamanda, Türk dünyasının bir araya gəlməsini, “Türk NATO-su”nun qurulmasını istəməyən xeyli dövlət var. Onlar buradakı adamları vasitəsilə qeyd etdiyim məsələlərin əleyhinə rəy yaratmağa çalışırlar.

Milli şüurdan uzaq olan rus və fars qafalılar bu işdə xüsusi fəallıq göstərirlər. Onlar Azərbaycanın sovet müstəmləkəsində olduğu dövrə nostalji hissi formalaşdırmağa cəhd edirlər, müstəqillik əleyhinə fikirlər səsləndirirlər.

Təbii ki, o adamların nə özləri, nə də valideynləri müstəqillik uğrunda aparılmış mübarizənin iştirakçısı olmayıblar. Elə bilirlər ki, müstəqillik göydəndüşmə məsələdir. Buna görə də onlar müstəqilliyimizin möhkəmlənməsində yox, qoltuq altında yaşamaqda maraqlıdırlar.

Kimin nə deməyindən aslı olmayaraq, Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafının alternativi yoxdur. Ermənistanla Rusiya birgə ordu yaradırsa, KTMT-də müttəfiqlik edirsə, Azərbaycana hərbi təcavüz edən Ermənistana təzyiq göstərilmirsə, biz mütləq Türkiyə ilə birlikdə olmalıyıq.

Yaranmaqda olan birlik yalnız müdafiə məqsədi daşıyırsa, hər iki dövlət bu addımı öz suverenliyini qorumaq üçün atırsa, sual yaranır, biz başqa nə etməliyik? Tarix və zaman onu göstərir ki, Azərbaycanla Türkiyəyə yönələn təhdidlər eyni mərkəzlərdən idarə olunur.

Ötən ay baş verən Tovuz döyüşləri zamanı Ermənistanın Azərbaycana hərbi hücumu həm də Türkiyəyə yönəlmiş hücum idi. Belə vəziyyətlərdə Azərbaycan tək qalmalı deyil və qalmamalıdır. Türkiyə ən açıq mətnlə bəyan edib ki, bütün hərbi potensialımız həm də Azərbaycanın əmrindədir. Belə bir dövlətlə müttəfiq olmamaq mümkündürmü?

Azərbaycan-Türkiyə birliyini istəməyənlərə sual verirəm, siz hansı dövlətlə müttəfiq olmağımızı təklif edirsiniz? Türkiyədən başqa belə bir ölkə yoxdur. Ona görə də, millətimizin, dövlətimizin varlığı üçün Türk birliyinin və “Türk NATO-su”nun yaradılması zərurətdir”.

Səxavət Məmməd
Bu xəbər oxucular tərəfindən 801 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed