Şrift:
Misirdə köhnə binaların uçması nəticəsində 1 nəfər ölüb, 18 yaralı var
17.08.2020 [14:22] - Gündəm, Sağlıq
Misir paytaxtı Qahirədə, Assuit və İsgəndəriyyə şəhərlərində ötən əsrin 40-50-ci illərində tikilmiş və istismar müddəti başa çatmış dörd yaşayış binasının uçması nəticəsində 1 nəfərin öldüyü, 8 nəfərin isə xəsarət aldığı bildirilir.

Dağıntılar altından yüngül xəsarət almış onlarla insan çıxarılıb. Bundan başqa, itkin düşmüş iki sakinin də axtarışları davam edir.

Misirin Mülki Müdafiə Departamenti və hökumətin ekspertləri qəzalı köhnə binaların siyahısını tərtib edirlər. Qahirədə qəzalı vəziyyətdə olan daha iki binanın sakinlərinin paytaxtın Mokattam rayonundakı yeni yaşayış massivində yerləşdirilməsi qərara alınıb.

Ötən əsrin əvvəlində və ortalarında tikilmiş, hazırda qəzalı vəziyyətdə olan binalar Misir hökuməti üçün başağrısına çevrilib. Beynəlxalq ekspertlərin rəyindən sonra Qahirənin mərkəzində yeni binaların tikintisi tamamilə dayandırılıb. Bir neçə il əvvəl yeni paytaxtın inşasına başlanılıb. Qəzalı vəziyyətdə olan yüzlərlə binanın mövcudluğu isə insanların həyatı üçün ciddi təhlükə mənbəyinə çevrilib.
Bu xəbər oxucular tərəfindən 552 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed