Şrift:
Azərbaycan xalqının təşəkkülü - TARİX
06.11.2012 [12:14] - DAVAMın yazıları
Nizami Cəfərov

I yazı


Azərbaycan xalqı dünyanın böyük bir coğrafiyasnı əhatə edən türk xalqlarından biridir. Odur ki, Azərbaycan xalqının təşəkkülü tarixi türk etnosunun bölünməsi tarixinin üzvü tərkib hissəsidir. Və ona görə də bəzi tarixçilərin bu «tarix»ləri bir-birindən təcrid olunmuş şəkildə öyrənilməsinə cəhd etmələri, hətta daha «irəli» gedərək türkləri Azərbaycan tarixinin «qonağı» səviyyəsinə endirəcək bir «metodologiya» işləyib hazırlamağı yalnız təəssüf doğurur.

Ümumiyyətlə, xalqın təşəkkülü üçün üç şərt vacibdir:

1) etnik potensial;
2) coğrafiya, yaxud ərazi;
3) sosial-siyasi təşkilatlanma.

Azərbaycan xalqının etnik potensialını, yaxud əsaslarını türk mənbəyi müəyyən (təmin!) etmişdir. Coğrafi, yaxud ərazi təminatına gəldikdə isə buraya zaman-zaman məskunlaşmış Cənubi Qafqaz, tarixi Azərbaycan (Şimali İran) və Şərqi Anadolu daxildir. Qədim dövrlərdən kifayət qədər canlı, qaynar həyat yaşayan bu coğrafiyada uzun zaman davam edəcək sosial-siyasi birliklər qurmaq həmişə çətin olmuşdur.
Türk etnosunun bölünməsi prosesinin yüz illər boyu davam etməsi, coğrafiyanın genişliyi, etnik-siyasi hadisələrlə zənginliyi Azərbaycan xalqının təşəkkül-formalaşma prosesinə ciddi (həlledici!) təsir göstərmişdir. Belə ki,
a) eramızın ilk əsrlərindən başlayan proses xeyli uzanmış, orta əsrlərin sonu yeni dövrün əvvəllərinə (XVI- XVII əsrlərə) qədər davam etmişdir;
b) coğrafiyadan kənara az-çox diqqəti cəlb edəcək köçlər olmadığı halda, coğrafiyaya ardıcıl (intensiv!) köçüb məskunlaşmalar olmuşdur;
c) xalqın mütəşəkkilliyini təmin etməli olan sosial-siyasi, eləcə də mənəvi-ideoloji güc mərkəzləri tez-tez dəyişdiyindən həmişə natamamlıq kompleksi özünü göstərmişdir və s.

Türklər. Onların bölünməsi. Və yenidən bölünməsi.

Türklərin az-çox müstəqil bir etnos olaraq meydana çıxması eramızdan əvvəl III minilliyin sonu II minilliyin əvvəllərinə aiddir. Həmin dövrə qədər türklər neçə min illər monqollar və tunqus-mancurlarla Altay birliyinin tərkibində olmuşlar.
Zəngin mifoloji dünyagörüşü əsasında Tanrıçılığa (tək Tanrı təsəvvürünə) qədər gəlib çıxan türklərin ata yurdu Mərkəzi Asiyadakı Tanrı dağlarının ətəkləri idi. Onlar tədricən Cənuba, Qərbə və Cənub-Qərbə doğru münbit çöllərə yayılmağa başladılar. Türk axınları xüsusilə eramızın ilk əsrlərində özünü daha ardıcıl, daha məhsuldar və Avroasiya xalqlarının tarixinə həlledici təsirlərlə göstərməyə başladı. Doğrudur, bir sıra tarixçilər türklərin hələ daha qədim dövrlərdə Qərbə-Romaya yürüşləri, burada məskunlaşmaları barədə danışırlar. Eləcə də «tarixin başlandığı» qədim Şumerdə türk izlərinin mövcudluğu çox az mütəxəssislərdə şübhə doğurur... Ancaq bu «hadisələr» o qədər qədimdə qalmışdır ki, müasir xalqların keçmişini təsəvvür etmək üçün bu və ya digər dərəcədə mübahisəsiz qəbul edilə biləcək çox az şey verir. Qərbə axın edən türklər (hunlar) qədim dövrün sonu orta əsrlər dövrünün əvvəllərində artıq Şərqi Avropanı məskunlaşdırmışdılar. Onların «barbar» adlandırılan german və slavyanlarla ittifaqı Roma imperiyasına son qoyub qocalmış Avropam cavanlaşdırdı. Attilanın hökmdarlıq elədiyi illərdə həmin proses daha sürətlə gedərək türklərin dünya tarixindəki proqressiv rolunu təsbit etdi.
Bu gün nəinki Şərqi, eləcə də Qərbi Avropanm bir sıra xalqlarının etnik tərkibində türklərin danılmaz izləri vardır. Onu da nəzərə almaq lazımdır ki, türklərin Qərbi Avropaya axınları heç zaman dayanmamış, orta əsrlərin sonlarına qədər davam etmişdir.

Altay dağlarının ətəklərindən tədricən Cənuba, Qərbə və Cənub-Qərbə yayılan türklər IX-XI əsrlərdə üç böyük tayfa ittifaqına, yaxud etnocoğrafı birliyinə bölünürlər:

1) oğuzlar,
2) qıpçaqlar,
3) karluqlar.
Bu, türklərin ilk bölünməsi idi ki, həmin bölünmə təxminən min illik bir tarixə malik idi.
Mərkəzi Asiya - Altay dağlan çıxış nöqtəsi kimi alınarsa, oğuzlar Cənub-Qərb, qıpçaqlar Şimal-Qərb istiqamətində xeyli uzaqlara gedib çıxmış, karluqlar isə Cənuba doğru yayılmışlar. Türklərin oğuz, qıpçaq və karluq tayfalarına bölünməsi ilə yanaşı, yəni həmin bölünmə hələ başa çatmamış bu tayfalar daxilində də bölünmə prosesi başlanmışdır ki, haqqında söhbət gedən proses orta əsrlərin sonlarına qədər davam etmişdir.
Beləliklə, IX- XI əsrlər türklərin tarixində elə bir dövrdür ki, həm ilkin bölünmə başa çatır, həm də ikinci bölünmənin konturları müəyyənləşir. Yəni bir tərəfdən oğuzlar, qıpçaqlar və karluqlar var, digər tərəfdən müasir türk xalqlarının «rüşeymlər»i görünür.

Oğuzlar, əsasən, türkmənlərə, Azərbaycan və Anadolu türklərinə, qıpçaqlar Altay, qırğız, qazax, tatar və başqırdlara, karluqlar isə özbəklərə və uyğurlara bölünürlər. Bununla belə, türklər Altay birliyindən ayrılarkən bəzi ümumi cəhətləri saxladıqları kimi türk xalqları da ümumtürk xüsusiyyətlərini mühafizə etməkdə davam edirlər.
Və beləliklə, Azərbaycan xalqı, əsasən, oğuz türklərinə aid olsa da, ümumtürk (və ümumaltay!) etnik-mədəni kodunun daşıyıcısıdır.
Bu xəbər oxucular tərəfindən 3915 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed