Şrift:
Rəfsəncaninin həbsdə saxlanan oğlu xəstəxanaya yerləşdirilib
06.11.2012 [12:52] - Güney Azərbaycan xəbərləri
"İran İslam Respublikası" Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri ayətullah Haşimi Rəfsəncaninin ay yarıma yaxındır həbsdə saxlanan oğlu Mehdi Haşimi noyabrın 4-də xəstəxanaya yerləşdirilib.

Mehdi Haşiminin vəkili Mahmud Əlizadə Təbatəbayi jurnalistlərə deyib ki, Mehdi Haşiminin Tehrandakı xəstəxanalardan birinə köçürülməsi prokurorluğun razılığından sonra mümkün olub: “Mehdi Haşimi ürəyindəki xəstəlikdən əziyyət çəkir və hazırda xəstəxananın angioqrafiya bölməsində müayinə olunur. Haşimi Rəfsəncani xəstəxanaya gələrək oğlu ilə görüşüb”.

Angioqrafiya – qan damarlarının rentgen aparatının köməyi ilə təsvir olunmasına imkan verən müayinə metodudur. Bu üsulun köməyi ilə arteriyalar, venalar və limfa damarları müayinə olunur. Müayinənin nəticəsi xəstəliyin forma və yayılması haqqında qərar verməyə imkan yaradır.

2009-cu ilin prezident seçkisi ərəfəsindəki debatların birində prezident Mahmud Əhmədinejad Haşimi Rəfsəncanini və onun oğlanlarını dövlət əmlakını mənimsəməkdə günahlandırmışdı. Prezident seçkisinin rəsmi nəticələrinə etiraz aksiyaları keçiriləndə Mehdi Haşimi müxalifət tərəfdarlarına qoşulmuş, sonra isə ölkəni tərk edərək Böyük Britaniyaya getmişdi. Mehdi Haşimi 3 il mühacirətdə yaşadıqdan sonra 2012-ci il sentyabrın 24-nə keçən gecə İrana qayıdıb və həmin günün səhəri Tehran prokurorluğuna çağırılaraq həbs edilib.

Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi isə sentyabrın 22-si axşam saat 23-də mənzilində tutulub və Tehranın Evin zindanına aparılıb. Tehran məhkəməsi 2012-ci ilin yanvar ayında Faizə Haşimini 6 ay müddətinə azadlıqdan məhrum etsə də, o, həbsə salınmamışdı. Məhkəmə Faizə Haşimini xaricdə fəaliyyət göstərən müxalif saytlardan birinə müsahibə verməkdə, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, dövlət quruluşu əleyhinə təbliğat aparmaqda və “yaşıl hərəkat”ı dəstəkləməkdə günahlandırmışdı.

Haşimi Rəfsəncani 1989-1997-ci illərdə İran İslam Respublikasının prezidenti olub.
Bu xəbər oxucular tərəfindən 1092 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed