Şrift:
Dövlət Təbrizin mədəniyyət layihələrinə vəsait ayırmır
25.08.2020 [14:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Şərqi Azərbaycan əyalətinin İslami İrşad və Mədəniyyət İdarəsinin rəisi Məhəmməd Məhəmmədpur məlumat verib.



Onun sözlərinə görə, hazırda Təbrizdə ümumi sahələri 30 min kvadrat metr olan mədəniyyət layihələrinin icrası vəsait ayrılmadığına görə dayandırılıb. Bu layihələrdən biri də “Məqbərətüşşüəra (şairlər məqbərəsi) ” abidəsidir.



Məhəmmədpur bildirib ki, 2018-ci ildə layihənin təkmilləşdirilməsi üçün 30 milyard tümən vəsaitin lazım olduğu müəyyənləşdirilsə də əməldə heç bir büdcə ayrılmadı.



O əlavə edib ki, Məqbərətüşşüəra layihəsi hökumətin “damcı-damcı ayırdığı büdcə” ilə heç zaman tamamlanmayacaq.



“Məqbərətüşşüəra” və ya şairlər məqbərəsi ən azı 7 əsr əvvəldən şair və yazıçıların məzarı olub. Belə ki, bu ərazidə Məhəmməd Hüseyn Şəhriyar da daxil olmaqla 400-dən çox şair və yazıçı dəfn edilib.

Yaxın zamanlarda bu abidənin ətrafında aparılan qeyri-qanuni inşaat işləri narazılıqlara səbəb olmuşdu.

May ayında Təbriz Şəhər Şurasının üzvü Məhərrəm Məhəmmədzadə abidə ətrafında aparılan qazıntılar zamanı tapılan tarixi əşyaların gizlədildiyini deyərək məsulların bu əşyaların növü və miqdarı barədə, eləcə də harada saxlanıldığı haqda izahat vermələrini tələb etmişdi.
Bu xəbər oxucular tərəfindən 512 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed