Şrift:
Özbəkistan vətəndaşı Ermənistan xüsusi xidmət orqanlarını ifşa edir
07.11.2012 [14:14] - Gündəm, Hüquq
“Azərbaycandan məqsədli şəkildə göndərildiyimi iddia edərək mənə işgəncə verdilər”

Özbəkistan Respublikasının vətəndaşı Zamirjon Otajonov mətbuat konfransı keçirib.
Z. Otajonov deyib ki, yay aylarında Azərbaycana gəlib və iki ay burada elektrik kimi işləyib. Sonra Gürcüstana müalicəyə gedən Otajanov müalicə bitdikdən sonra isə yeni işə düzəldiyi Ufa şəhərinə getməli olub: “Mənə dedilər ki, Ufaya birbaşa təyyarə reysi İrəvandandır. Bunun üçün sentyabrın 24-də Ermənistan-Gürcüstan sərhədinə gəldim. Sərhəddə mənim sənədlərimi alıb, uzun-uzadı yoxlamağa başladılar”.

Özbəkistan vətəndaşı sərhəd-keçid məntəqəsində həbs olunduğunu deyib: “İlk dəqiqələrdən mənimlə pis davranmağa başladılar. Sonradan Azərbaycanla bağlı suallar verməyə başladılar. Onlar mənim buraya məqsədli gəldiyimi israr edirdilər. Qaranlıq və qapalı yerdə saxladılar. Bir sözlə işşgəncə verdilər. Mənə dedilər ki, sən əsl həqiqəti de, biz sənə bilet alaq və rahat şəkildə Rusiyaya yola salaq. Sonra döyməyə başladılar. Məni dindirənlərin böyüyü dedi ki, əgər düzünü desən, səni ən azı beş il həbs gözləyir. Mən isə bildirdim ki, axı niyə, mən nə etmişəm? Dediklərimin heç birinə inanmırdılar. İki gün sonra çox pis hazırlanan çorək verdilər”. Z. Otajonov həbsdə saxlandığı vaxt yemək və su ilə təmin olunmadığını, gündə bir neçə dəfə təzyiqlərə məruz qaldığını qeyd edib.

Onun sözlərinə görə, üçüncü gün onu sənədə imza atmağa məcbur ediblər: “Ancaq imza atdığım sənəd rus dilində yazılmışdı. Mən də imza atmaqdan imtina etdim. Bundan sonra təhqir və fiziki zorakılığa məruz qaldım. Atacağım başqa addım qalmamışdı. Həmin kağıza imza atdım. Bundan sonra məni kameraya apardılar”.

Z. Otajonov növbəti gün onun Gürcüstan sərhədinə gətirildiyini və Ermənistandan çıxarıldığını söyləyib: “Mənə dedilər ki, arxana baxmadan qaç. İnanın ki, üzərimdə olan pulu da qaytarmadılar. Pulu istəyəndə təhqir edib, dedilər ki, səni buraxırıq, buna sevin. Gürcüstandan Ufaya isə çox çətinliklə gəldim. Ufada işlədiyim vaxt “facebook”da həqiqətə uyğun olmayan yazının getdiyini gördüm. Qərara gəldim ki, Azərbaycana gəlim və əsl həqiqəti deyim”.

Özbəkistan vətəndaşı hüquqlarının müdafiəsi üçün beynəlxalq məhkəmə instansiyasına müraciət edəcəyini də qeyd edib.

Qeyd edək ki, 2012-ci il oktyabrın 10-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı bəyanatda, guya, “Özbəkistan Respublikasının vətəndaşı Zamirjon Otajonovun Ermənistan Milli Təhlükəsizlik Xidmətinə müraciət etdiyi və 20 min ABŞ dolları müqabilində Azərbaycanın paytaxtında terrorçuluq aksiyalarını törətməyə hazır olduğunu bildirdiyi” qeyd olunub.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatında bildirilib ki, “əslində Zamirjon Otajonov Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək Ermənistanı təxribata çəkmək üçün bu ölkəyə göndərilib”. Bu cəfəng məlumat bir sıra kütləvi informasiya vasitələrində, eləcə də bəzi Azərbaycan dövri mətbuatında yayılıb.

Özbəkistan vətəndaşı Zamirjon Otajonov özü barədə yayılmış yalan məlumatlardan xəbər tutduqdan sonra, Rusiyadan Azərbaycana gəlib. O, Samur sərhəd nəzarət buraxılış məntəqəsində Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət edərək, Ermənistan tərəfindən özü barəsində yayılmış bu qərəzli, heç bir əsası olmayan, yalan məlumatları qəti şəkildə təkzib etmək məqsədilə KİV-lərə əsl həqiqətləri çatdırmaq üçün ona şərait yaradılmasına köməklik göstərilməsini xahiş edib.
Bu xəbər oxucular tərəfindən 1587 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed