Şrift:
“FIFA-2020” I Liqasının ilk dövrəsinin yekunu qarşıdakı oyunlarda ciddi idman mübarizəsi izləyəcəyimizi deməyə əsas verir
26.08.2020 [14:28] - Xəbərlər, İdman
“FIFA-2020” I Liqasının avqustun ilk dövrəsinin yekununda lider və autsayderlər qrupları ilə yanaşı, turnir cədvəlində orta sıralarda qərarlaşan komandaların da nəticələri müəyyənləşib.

19 turdan sonra turnir cədvəlinin 4-cü pilləsində “Shaki Khans”, 5-ci yerdə “Qobustan Stones”, 6-cı pillədə isə ötən mövsümün qalibi “Qarabağ” komandası qərarlaşıb. Sonrakı pillələrdə isə “Ganja Poets”, “Shamakhi Lions”, “Tovuz Winegrowers” komandaları yer alıblar.

Şəki təmsilçisi üçün 19-cu turdan sonra keçirilmiş 5 oyunu uğurlu hesab etmək olar. Xızılılara məğlub olduğuna baxmayaraq, liderlərdən olan Qazaxı məğlubiyyətə uğradan Şəki təmsilçisi öz iddiasını qoruyub saxlayıb. Hazırda 5-ci pillənin sahibi olan “Shaki Khans” onu qabaqlayan “Qarabağ”dan bir oyun az keçirib və 24-cü turdan təxirə salınmış görüşdə qalib gələcəyi təqdirdə əvvəlki mövqeyinə yüksələ bilər. Yarışın 25-ci turunda şəkililəri ən yaxın izləyicisi “Qarabağ”, sentyabrın 2-də isə “Naxçıvan” ilə çətin sınaq gözləyir. Onu da qeyd edək ki, komandanı təmsil edən Ayxan Əliyev bombardirlər siyahısında üçüncü yeri tutur.

İlk dövrəni altıncı pillədə başa vuran “Qarabağ” sonrakı oyunlarda uğurlu oyun seriyasını nümayiş etdirməyə başlayıb. Öz iddiasını ortaya qoymağa başlayan komandanın özünə gəldiyi hiss edilir. Avqustun 10-da “Bərdə”yə qarşı oyunda məğlub olandan sonra, “Qarabağ” 5 oyunda ardıcıl 5 qələbə qazanaraq liderlərə maksimum yaxınlaşmağı bacarıb. Qarabağ təmsilçisi öz iddiasını qorumaq üçün gələcək turlarda ən yaxın izləyicisi “Shaki Khans”ı və turnir cədvəlinin lideri Quba ilə oyunlarda xal itkisinə yol verməməlidir. Yeri gəlmişkən, komandanın təmsilçisi Tural Həsənov 57 qolla turnirin ən sərrast ikinci oyunçusudur.

On doqquz turdan sonra 5-ci sıranın sahibi olmuş “Qobustan Stones” son turlarda qeyri-stabil oyun nümayiş etdirir. Bununla belə, komanda “Shaki Khans”dan cəmi 1 xal geri qalır. Yaxın turlar Qobustan təmsilçisi üçün xeyli çətin keçəcək. Belə ki, qarşıda komandanı liderlər – “Qazax Ashiqs” və “Quba Tigers”, eləcə də turnir cədvəlində şəkililərə yaxın mövqelərdə qərarlaşmış “Qobustan Stones” və “Qarabağ” ilə həlledici qarşılaşmalar gözləyir.

Liqanın ekvatorunda 7-9 yerlərdə qərarlaşan “Ganja Poets”, “Shamakhi Lions” və “Tovuz Winegrowers” komandaları son turların nəticələrinə əsasən xal hesabına görə geriliyi artırıblar. 24-cü turdan sonra turnir cədvəlinə nəzər saldıqda 7-ci yerdə olan “Shamakhi Lions” komandasının ondan cəmi 1 pillə yuxarıda qərarlaşan “Qobustan Stones”dan 10 xal geri qaldığını görürük. Bu komandaların bundan sonra liderlik mövqeləri uğrunda mübarizə aparacaqları mümkün görünməsə də, onlara ciddi müqavimət göstərəcəklərini gözləmək olar. Hər halda qarşıdakı turlarda hadisələrin necə cərəyan edəcəyini görəcəyik.

Liqanın oyunlarını canlı olaraq həftənin 6 günü saat 12:00-dan 17:00-dək “YouTube” sosial şəbəkəsindəki “GLAHUB” kanalında və saat 16:00-dan 17:00-dək İdman TV-də izləmək mümkündür.

Eyni zamanda, “FIFA-2020” I Liqası ilə bağlı bütün məlumatları kiberidmanın yeganə ünvanı “Gaming League Azerbaijan” tərəfindən məxsusi yaradılmış fifa.gla.az veb-saytında əldə etmək olar.

Qeyd edək ki, Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, İdman TV-nin, Azərbaycan Kiber İdman Federasiyasının, “Gaming League Azerbaijan”ın (GLA) və “Topaz”ın birgə təşkilatçılığı ilə keçirilən I Liqaya sentyabrın 11-də yekun vurulacaq. Turnirin baş sponsoru BirBankdır.
Bu xəbər oxucular tərəfindən 562 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed