Şrift:
Güney Azərbaycanda milli fəallara qarşı zindan işgəncələri
08.11.2012 [13:48] - Müsahibə, Güney Azərbaycan-Təbriz
Möhsün Savalan: «Qolumdakı yazdırdığım Azərbaycan sözünü kimyəvi turşu ilə yandırdılar»

Haşim Bilgin: «Zindanda hər gecə sübhədək zorlanan qızların çığırtılarını, ağlamaq səslərini eşidirdim»

Saleh Kamrani: «İranda milli fəallara qarşı bütün işgəncələrə hər don geyindirirlər»

İranda öz tarixi torpaqlarında yaşayan 35 milyondan çox Azərbaycan türkü var. Onlar da farslar kimi ölkə vətəndaşı hesab olunsalar da, hakim millətdən fərqli olaraq bir çox hüquqlardan məhrum yaşayırlar. Əhalinin əsas nüfuzunu təşkil edən azərbaycanlılara hələ də ana dilində məktəb açmağa, media orqanı təsis etməyə, milli mədəniyyətini inkişaf etdirməyə, hətta futbol yarışlarında türk dilində şüar yazmağa, övladlarına türk adları qoymağa icazə verilmir. Halbuki İranda milli azlıq hesab olunan ermənilərin ana dilində fəaliyyət göstərən məktəbləri var. Ölkədə qondarma erməni soyqırımına xatirə büstü qoyulduğu halda, azərbaycanlı tələbələrə Xocalı soyqırımını qeyd etmək qadağan olunub. Bu və digər hüquq pozuntusuna məruz qalan azərbaycanlılar rejimin yürütdüyü siyasətə qarşı sivil yollarla mübarizə aparır, etirazlarını şeirlərlə, aksiyalarla və başqa dinc üsullarla bildirirlər. Soydaşlarımızın mücadiləsi rejim tərəfindən çox sərt qarşılanır, milli fəallar təqib olunur, həbs edilir. Bu gün də zindanlarda saxlanılan milli fəallar var. Onların məruz qaldığı işgəncələri və zindan həyatının qorxunc üzünü öyrənmək məqsədilə vaxtilə həbs olunmuş, hazırda isə müxtəlif ölkələrdə yaşayan siyasi mühacirlərlə həmsöhbət olduq. Bəziləri adının anonim qalmağını istədiyi üçün yalnız ismini yazmağa icazə verən mühacirlərin müsahibəsini yazıya daxil etdik.
1982-ci ildə Ərdəbil şəhərində doğulan, 2009-cu ildən İtaliyada yaşayan siyasi mühacir Möhsün Savalan yaşadığı zindan həyatını belə nəql edir: «17 yaşımdan milli mübarizəyə qoşuldum. Fəaliyyətimiz, milli mədəniyyətimiz, tariximizlə bağlı elanlar, CD-lər hazırlayıb gizlincə evlərin qapısına atıb qaçardıq. Gecələr dostlarımızla birgə Ərdəbilin küçə divarlarına, mədrəsə (məktəb) binalarına şüarlar yazardıq. Məsələn, «Türk dilində mədrəsə, olmalıdır hər kəsə!», «Azərbaycan var olsun, istəməyən kor olsun!» və s. Gecə biz yazırdıq, gündüz bələdiyyənin işçiləri silirdilər. Adətən divar yazmağa iki nəfər çıxırdıq. Birimiz yazırdıq, o birimiz isə küçənin başında motosikletlə gözləyirdi. Bir gecə divara «Yaşasın Azərbaycan!» yazdım. Səhər gördüm ki, polislər şüarıma «və İran» sözlərini də əlavə ediblər. Həmin gündən «Yaşasın Azərbaycan!» yazandan sonra şüarın sonuna çarpaz xətlər çəkirdim ki, İranı əlavə etməsinlər.» Onun sözlərinə görə, 2003-cü ildə günlərin birində gecə divara şüar yazarkən «Ettelaat» əməkdaşları tərəfindən həbs olunub: «Dostumla məni «Ettelaat»ın Ərdəbil şöbəsinə apardılar. Orada bizə «codayi tələb» (bölücü) deyirdilər. Halbuki «codayi tələb» deyilik, istiqlalçıyıq. Şallaqdan, döyməzdən əvvəl bizim bədənimizi suya salırdılar ki, zərbələr daha ağrılı olsun. Mənim sol qolumda dirsəkdən biləyədək ingilis dilində «I love Azerbaijan» tatusu (döymə) var idi. Bir dəfə o qədər döydülər ki, huşumu itirdim. Ayılanda gördüm ki, qolumdakı tatunu kimyəvi turşu ilə yandırıblar». Möhsün Savalan bildirdi ki, ikinci dəfə 2004-cü ildə həbs olunub: «Məni yenə də «Ettelaat»ın Ərdəbil şöbəsinə apardılar. Bu dəfə kəlbətinə bənzəyən, uzun qulplu dəmir alətlə 2, 2005-ci ildə tutulananda isə 3 dırnağımı çəkdilər. Sonuncu dəfə həbs olunanda 9 ay Ərdəbil zindanında qaldım. Zindanda başqa bir işgəncə üsulu var idi. Məhbusu yumurta formasında, raketə bənzəyən dəmir qurğuya salıb sonra kənardan dəmir dəyənəklərlə «raket»ə zərbələr vururdular. Qurğudan cingiltili, qulaqbatırıcı, sinir sistemini pozan səslər çıxırdı. Bu işgəncə dəfələrlə təkrar olunanda insanın qulağını kar edirdi».
1962-ci ildə Urmiyada doğulan, 1993-cü ildən İsveçdə yaşayan siyasi mühacir Haşim Bilgin də ikiillik zindan həyatından danışdı: «Urmiya zindanında təkadamlıq kamerada saxlanılırdım. Ayağımın altına kremə bənzər bir maddə sürtüb sonra şallaqlayırdılar. Həmin maddəni sürtəndə daha da ağrılı olur, elə bil adamın ətini kəsirlər. Sayırdım, 8-9-cu şallaqdan sonranı xatırlamırdım, huşumu itirirdim. Amma özümdə olmasam da, onlar şallaq vurmağa davam edirdilər. Ayılanda görürdüm ki, kameradayam, ayaqlarımın altı da qanlı yaradır. Ayaqüstə dura bilmirdim, tualetə iməkləyərək gedirdim. Tualetə getməyin adını «namazdan namaza» qoymuşdular. Gündə iki dəfə ayaqyoluna getməyə icazə verirdilər. Ayaqlarım o qədər şişirdi ki, ayaqqabıma sığmırdı». Hər gecə qadın məhbuslara təcavüz edildiyini deyən Haşim Bilgin hələ də onların fəryad səslərini unutmadığını söylədi: «Mən qaldığım kameranın arxa tərəfi qadınların zindanı idi. Edam edəcəkləri biçarə qızları siğəylə bir «pasdar»ın əlinə verirdilər. Sübhədək zorlanan qızların çığırtılarını, ağlamaq səslərini eşidirdim. Hər gecə o cür qışqırıq, fəryad eşitdikcə az qalırdım ağlımı itirəm. Elə bil beynimə mismar çalırdılar. Çığırtıları duymamaq üçün başımı qatmağa çalışırdım. Saqqalım uzanıb qarnımdan aşağı sallanırdı. 18 ay qırxılmayan saqqalı təsəvvür edirsiniz? Kameram, üst-başım, saqqalım bitlə dolu idi. Fikrimi məşğul etmək üçün hər gecə bitləri kibrit qutusuna yığıb sonra yenə saqqalıma tökürdüm. Beləcə qızların çığırtılarını eşitməməyə çalışırdım. Amma faydası olmurdu». Haşim Bilgin döyülməkdən qulağının birinin eşitmək qabiliyyətini itirdiyini vurğuladı: «15 ay sonra kamerama bir məmur girdi. Niyyətini anlayanda onu yumruqlayıb döydüm. Üzünü-gözünü dağıtdım. Səs-küyə gözətçilər gəlib məmuru əlimdən aldılar. Qış idi. Məni bayırda ayaqyalın qarın üstündə səhərədək saxladılar. Sonra içəri aparıb o qədər döydülər ki, üst dişlərimin hamısı töküldü. Ağzımda bir neçə dişim isə sındı. Üst-başım qan içində idi. Məni elə o vəziyyətdə də gətirib kameraya atdılar. Sınmış dişlərimin ağrısından dayana bilmirdim. Diş ağrısını yəqin çox adam yaxşı bilir. Ağrını hiss etməmək üçün özüm üzümü, başımı yumruqlayırdım ki, bəlkə dişlərimin ağrısı keyiyər. Uzun müddət yemək yeyə bilmədim. Bir dəri, bir sümük qalmışdım».
Haşim Bilgin uzun aylardan sonra haqqında edam hökmünün çıxarıldığını bildirdi: «Mənə dedilər ki, məhkəmə qərarına görə sən güllələnəcəksən. Gecə saat 3-də iki nəfər kamerama girdi. Başıma torba keçirib zindanın həyətinə çıxardılar. Bir maşına mindirib harasa apardılar. Bir yerə çatanda maşını saxlayıb məni qollarım bağlı yerə düşürdülər. Dedilər ki, səni burada edam edəcəyik. Gözlərini açaq, yoxsa bağlı qalsın? Dedim ki, açın. Gözümü açanda gördüm ki, boş bir ərazidir. Amma təxminən iki metrlik ağac var. Əllərimi həmin ağaca bağladılar. 6 nəfər əsgər qarşımda dizini yerə qoyub oturmuşdu, 6 nəfər isə ayaqüstə dayanmışdı. Hamısının da əlində mənə tuşlanmış silah var idi. Hökmü oxudular. Molla da qulaqlarıma dua oxuyub dedi ki, o biri dünyada Allah sənin günahlarından keçsin. Həmin halımı təsəvvür edirsiniz? Bir neçə saniyədən sonra öləcəkdim. «Allahu əkbər» deyib atəş açıldı. Bədənimə bir neçə yerdən güllə dəydi. Bir andaca başdan-ayağa qana qərq oldu. Düşündüm ki, artıq öldüm. Bir addım qabağa atdım, amma yıxılmadım. Gördüm ki, əllərim də açıqdır. Fikirləşdim ki, artıq ölmüşəm, yeriyən ruhumdur. Ölsəm də, nəhayət işgəncələrin bitdiyinə, azad olduğuma sevindim. Ruhum indi istədiyi yerə gedə bilərdi. Amma iki yaşlı qızımla və dədəmlə görüşə bilmədiyimə üzüldüm. İkinci addımı atanda bayaqkı molla qarşıma keçib dedi: «Sən ölməyibsən». Bunu eşidən ki, huşumu itirdim. Bir də ayıldım ki, yenə kameradayam. Sonra öyrəndim ki, mənə oyun oynayıblar. Edam hökmü yalan imiş. Güllələr plastik olub. Qana bənzər maddəni molla arxamda dayanıb başımdan aşağı tökürmüş. Sonra da əllərimi açıblar. Həmin halda hiss etməmişəm. İndi də bu hadisə yadıma düşəndə sağ qaldığıma inana bilmirəm. Keçirdiyim sarsıntı hələ də canımda qalıb».
Onun sözlərinə görə, iki ildən sonra azadlığa çıxıb: «Zindandan çıxıb evimə getdim. Amma ev şəraitinə, rahatçılığa alışa bilmirdim. Hər gecə dama çıxıb səhərədək aya baxırdım. Özü də gecələr uzanmırdım, həbsdəki kimi yerə çöməlirdim. Tək qalmağa çalışdırdım. Evdə də qorxa-qorxa gəzirdim, xoflanırdım. 6 ay bu vəziyyətdə qaldım».
1972-ci ildə Əhərdə doğulan, hazırda İsveçdə yaşayan, özü də dəfələrlə həbs olunan, bir çox milli fəalın vəkili olmuş hüquqşünas Saleh Kamrani İranın şəriət hüququnun işgəncələrə icazə verdiyini söylədi: «Şiraz Universitetində hüquq fakültəsini bitirmişəm. Tehranda 11 il vəkil işlədim. Onlarla milli fəalın vəkilliyini etmişəm. İranda milli fəalların vəkili olmaq da təhlükəlidir. 2006-cı ildə həbs olunanda 4 ay Tehranın Evin zindanında, 209-cu bənddə (bölmədə) qaldım. Mənə də, müvəkkillərimə də işgəncə verdilər. Mərhum Qulamrza Əmaninin də vəkili olmuşam. Ona işgəncə verərkən ayağını sındırmışdılar. İran İslam Respublikasının hüquq ədəbiyyatında işgəncə sözü yoxdur. Bütün işgəncələrə şəri don geyindirib adını «təzir» qoyublar. «Təzir» hətta ibadət hesab edilir. Onların şəriətinə görə, məhbuslardan etirafedici ifadələr almaq üçün təzir (işgəncə) olar». Saleh Kamrani İran Konstitusiyasında ziddiyyətlərin olduğunu, qanunla da qeyri-fars millətlərin haqlarının pozulduğunu bildirdi: «İran Konstitusiyasının 19-cu maddəsində deyilir ki, millətindən, cinsindən asılı olmayaraq hər kəs bərabərdir. Amma praktikada milli üstünlük farslara tanınır. 15-ci maddədə yazılıb ki, rəsmi dil fars dilidir, rəsmi sənədlər, dərsliklər fars dilində yazılmalıdır. Azərbaycan türkcəsinin və başqa qeyri-fars dillərinin isə məhəlli, yəni küçə-bazar səviyyəsində istifadəsi azaddır. Bu, əhalinin yarıdan çoxunu təşkil edən azərbaycanlılar üçün təhqiramiz maddədir. Hətta bu təhqiramiz maddə də 30 ildən çoxdur parlament tərəfindən icra ediləcək qanun şəklinə salınmayıb. Yəni 15-ci maddənin icra qabiliyyəti yoxdur. İranda hər addımda millət olaraq təhqir olunduğumuzu hiss edirik. Nə üçün övladıma türk adı qoya bilməyim? Xeyir işim olanda ana dilimdə dəvətnamə göndərə bilmirəm, ofisimin lövhəsini türkcə yazmağa haqqım yoxdur. Biz də insan kimi yaşamaq istəyirik».
Turqut
Bu xəbər oxucular tərəfindən 2034 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed