Şrift:
İran Prezidentimizin toxunduğu məqamları nəzərə almalıdır
09.09.2020 [21:14] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
"Ölkə rəhbəri ümumən göstərməyə çalışdı ki, rəsmi Bakı Tehrana göstərdiyi münasibətə adekvat yanaşmanın şahidi olmur"

Azərbaycan öz xarici siyasətində işğalçı Ermənistan istisna olmaqla bütün həmsərhəd dövlətlərlə mehriban qonşuluq siyasəti yürüdür. Rəsmi Bakının daim həmrəylik nümayiş etdirdiyi ölkələrdən biri də cənub qonşumuz İran İslam Respublikasıdır. Rəsmi Tehranla etibarlı əməkdaşlıqda hər zaman maraqlı olmuşuq. Azərbaycan böhranlı anlarda İrana yardım edib və dost ölkə olduğunu əməldə nümayiş etdirib. Bu da səbəbsiz deyil, çünki İran və Azərbaycanı tarix və din amili birləşdirir. Buna baxmayaraq, zaman-zaman İrandakı bəzi siyasi dairələr, hətta bəzi hallarda ölkə rəhbərliyi qonşuluq münasibətlərini pozmağa yönəlik addımlar atırlar.

İran və Azərbaycan münasibətlərini strateji əməkdaşlıq müstəvisinə qaldırmağa mane olan amillərdən ən başlıcası isə Qarabağ münaqişəsi və Tehranın Ermənistanın yürütdüyü işğalçılıq siyasətinə dəstək verməsidir. İran tərəfi rəsmən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini desə də, pərdə arxasından Ermənistana humanitar və silah yardımı göstərməsi dəlil və sübutlarla dəfələrlə ifşa edilib. Lakin rəsmi Tehran hər dəfə bu faktları təkzib edib. Halbuki, islam ölkəsi olan İran ilk növbədə müsəlman qardaşlarının yaşadığı, haqsızlığa və təcavüzə məruz qalmış Azərbaycanın tərəfində dayanmalıdır. Bunu qonşuluq prinsipləri ilə yanaşı, islam dini də tələb edir.

Ötən gün İranın Azərbaycandakı yeni səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edən Prezident İlham Əliyev də din amilinə diqqət yönəldib. Dövlət başçısı vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir və bu təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşüb. Azərbaycan vətəndaşlarının qaçqın-köçkün vəziyyətinə düşməsi məhz bu işğalın nəticəsidir: “Bizə - azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib.


Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib. İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta onlar heyvan saxlayırlar. Bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar vardır. Onları internetdə tapmaq olar. Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir”.
Göründüyü kimi ölkə rəhbəri məlum ifadələrlə İran tərəfinin Ermənistanın hərbi cinayətlərinə qarşı mövqe ortaya qoymasının zəruriliyinə işarə edib.

İran-Azərbaycan münasibətlərini “Şərq”ə təhlil edən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev bildirib ki, Prezident çox təftişçilik etmədən iki ölkə arasındakı münasibətlərə öz münasibətini bildirib. Çünki barış və əməkdaşlıq axtarılan məqamda həddindən artıq təftişçilik edilmir. Partiya rəhbərinin sözlərinə görə, bütün bunlara rəğmən, ölkə rəhbəri bəzi həqiqətlərə toxunmağı vacib bildi:

“Cənab Prezident dövlətin iradəsini təmsil edir. Azərbaycan sıfır problemlə qonşuluq siyasəti yeridən bir ölkədir. Heç bir dövlətlə ziddiyyət yaratmağın tərəfdarı deyilik. İstər Rusiya, istərsə İranla daim normal əlaqə qurmağa çalışmışıq. Lakin avqust və iyul aylarında baş verən hadisələr göstərdi ki, Rusiya Minvod, Mozdok, Türkmənbaşı, İran və Mehri əraziləri vasitəsi ilə ilkin olaraq 400 min, daha sonra 500 min ton silah-sursatı Ermənistana daşıyıb. Bir müddət əvvəl isə Dağlıq Qarabağa yanacaq aparan İran maşınları üzə çıxdı.

Bunlar çox ciddi faktlardır. Yanacaq və silah faktiki olaraq hərbi yardım mahiyyəti daşıyan elementlərdir. Üstəlik, İran işğalçı Ermənistana pəncərə açır, heç bir sanksiya tətbiq etmir. Bu da onu göstərir ki, müsəlman təəssübkeşliyindən danışan bir dövlət sözdə bir cür, əməldə başqa cür davranır. Bir müddət əvvəl İran sərhədində nüvə komponentlərinin daşınmasını həyata keçirən qaçaqmalçılar tutuldu. Vaxtı ilə bizim ərazimizdə yəhudilərə qarşı terror törətmək istəyirdilər, ancaq xüsusi xidmət orqanlarımız onları zərərsizləşdirdi.

İranın zaman-zaman daxili işlərimizə qarışması da sirr deyil. Bunları ona görə sadalayıram ki, Qərb ölkələri İrana qarşı iqtisadi sanksiyalar tətbiq edərkən Azərbaycan buna qoşulmadı. Qonşularımızın çətin duruma düşməsində maraqlı deyilik. Bəs, İran bunlara adekvat davranırmı? Təəssüf ki, yox”.

Keçmiş deputatın fikrincə, Prezident İran səfirini qəbul edərkən bir neçə dəfə islam amilinə toxundu və bu da təsadüfi deyildi:

“Ölkə rəhbəri xüsusilə vurğuladı ki, ermənilərin işğal etdiyi ərazilərdə islam abidələri, məscidlər dağıdılıb, yerlə-yeksan edilib, heyvan saxlanılıb və s. İslam həmrəyliyindən danışan bir dövlət dünyanın harasında olmasından asılı olmayaraq, dini məbədlərə təcavüz ediləndə dərhal öz səsini qaldırmalıdır.

Nə üçün Fələstində və başqa yerlərdə silahlı toqquşmalara girirlər, “Hizbullah” adlı təşkilat yaradırlar, amma Azərbaycan ərazisində məscidləri dağıdanlara, ibadət yerlərini təhqir edənlərə söz demirlər?


İranın din xadimləri fətva verirlər ki, qəsb olunan torpaqda dəstamaz almaq olmaz. Bəs necə olur ki, qəsb olunmuş torpaqlarda iranlılar ermənilərlə birlikdə ortaq işlər görürlər, mədənləri istismar edirlər, onlara yardım göndərirlər?! Biz İranın dindən, haqq-ədalətdən danışmasına necə inanaq?”.

F.Quliyev vurğulayıb ki, Prezident diplomatik qaydaları gözlədiyi üçün yumşaq danışdı, çox dərinə getmədi. Amma sətir altında bütün narahatedici məqamlara toxundu:

“Ölkə rəhbəri ümumən göstərməyə çalışdı ki, rəsmi Bakı Tehrana göstərdiyi münasibətə adekvat yanaşmanın şahidi olmur. İranla su qovşağı tikirik və buna xidmət üçün körpülər inşa edirik. Tehran isə həmin körpülər vasitəsi ilə Ermənistana yardım daşıyır. Erməni iş adamlarına ölkədə geniş imkanlar yaradır.

Prezidentin protokol qaydaları səbəbindən demədiyi bəzi məqamları siyasi partiyalar, ayrı-ayrı məmurlar, nazirlər, politoloqlar, deputatlar dilə gətirməlidir. Hamı özünü qorumaqla, “yaxşı adam” etməklə məşğuldur.

Özünəvurğun siyasətçilər, guya, gələcəkdə hakimiyyətə gəldikləri zaman Rusiya və İranın dəstəyindən məhrum olmamaq üçün susur, heç kimin xətrinə dəymirlər. Dəfələrlə demişəm ki, bir çox deputatlar, məmurlar orta-ağır dərəcədə reanimasiyadadır.

Vəzifə kreslosu adı altında süni tənəffüs aparatına bağlanıblar. Hər məsələni Prezidentin üzərinə qoymaq olmaz axı. Dövlət başçısı fədakarlıq edir, bəzən ölkə rəhbərinin deməməsi gərəkən məqamlara toxunur və buna görə müəyyən basqılarla üzləşir. İctimaiyyət və siyasi partiyalar yükün bir hissəsini üzərinə götürməlidir”.

Sabiq parlament üzvü qeyd edib ki, İran tərəfi prezidentimizin diqqət çəkdiyi məqamları nəzərə almalıdır: “Azərbaycan əvvəlki ölkə deyil, ona görə də ağıllarından başqa şeylər keçməsin.

Bu gün öz müttəfiqlərimizlə, Türkiyə və Pakistanla daha güclüyük. İstənilən düşmənin qarşısında dayanmağa həm maddi, həm də hərbi və insan resurslarımız var.

Amma qonşularla problem istəmirik, əgər qonşularımız da bizimlə normal münasibət saxlamaq istəyirsə, mütləq cənab prezidentin çağırışlarına əməl etməlidirlər”.

İsmayıl Qocayev
Bu xəbər oxucular tərəfindən 726 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed