Şrift:
Ziyalılardan xalq yazıçısına SƏRT TƏPKİ: “...Ölüm olsun belə hədəfə!”
11.09.2020 [13:32] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev:“ Ölkəmizə rus mədəniyyəti gətirilir. Buna invaziv mədəniyyətlərin işğalı deyirlər”

“Dirisiylə rusca, ölüsüylə ərəbcə danışan xalqım mənim...”. Yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin bu fikirləri hələ də aktuallığını qoruyur. Bəlkə də, yazıq Mirzə Cəlilin qəbirdə sümükləri sızlayır. Arxasınca aylar uçdu, illər qaçdı və “kor” məmləkətimizin öz dilinə qulağı kar oldu. Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev “Facebook” profili vasitəsilə ölkəmizdə rus məktəblərinin bağlanması üçün çağırış edən yerli millətçiləri tənqid edib.

O qeyd edib ki, Rusiya mediasında erməni soyadlı jurnalistlər üstünlük təşkil edir və bu, lobbi fəaliyyətinin nəticəsi deyil:

“Onlar rus dilində səlis danışan ağıllı, intellektual və istedadlı insanlardır”.

Əslində Ç.Abdullayevin belə düşünməsinə təəcüblənmək lazım deyil. Çünki onun Feysbuk səhifəsinə nəzər yetirəndə hansısa məsələyə dair fikirləri, yazdığı statusları ancaq rus dilindədir. Nədənsə ölkəmizdə rus dilinə fərqli bir münasibət var. Yox, buna fərqli münasibət əvəzinə “rus dili sevdası” demək daha doğru olardı. Rus dilində oxumaq, bu dildə danışmaq və yazmaq “fərqlilik” sayılır. Bu dildə danışanlar “elit” təbəqəyə aiddir. Qısası, Çingiz müəllimin dediklərinə “qüvvət”, “rus dilində danışanlar “ağıllı”, “intellektual” və “istedadlı” insanlardır”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev bildirib ki, ölkəmizdə 300-ə qədər rusdilli məktəb var. Amma rusların sayı cəmi 200 minə yaxındır:

“Rusiyada 3 milyon azərbaycanlı yaşayır və işləyir. Orada isə sadəcə bazar günü məktəbləri var. Buradakı ruslar da zəhmət çəkib Azərbaycan dilini öyrənsinlər və tədrisin Azərbaycan dilində olduğu məktəblərdə oxusunlar. İstəsələr, onlar da bazar günü məktəbləri aça bilərlər. Digər məsələ, Azərbaycandakı rus məktəblərinə ədəbiyyatın gətirilməsi ilə bağlıdır. Bu ədəbiyyat Rusiyadan gətirilməli deyil. Bir var ki, Azərbaycanın elmi, mədəniyyəti, təfəkkürü rus dilinə tərcümə olunub və şagirdlərə çatdırılır, bir də var ki, başqa mədəniyyət ölkəmizə gətirilir. Buna invaziv mədəniyyətlərin işğalı deyirlər”.

Partiya sədri vurğulayıb ki, hər bir adam milli kimliyini bilməlidir:

“İnsan laylalarla, sözlə, dillə formalaşır. Çingiz Abdullayevin dediyi fikirlər tamamilə absurddur. Rusiyadakı azərbaycanlılar təkcə bazarlarda fəaliyyət göstərmirlər. Rusiyanın ən böyük elm mərkəzlərində rəhbər vəzifəsində olan alimlərimiz var”.

F.Quliyev hesab edir ki, istənilən dili, hətta düşmənin belə dilini bilmək lazımdır. Bu, tamamilə başqa məsələdir:

“Azərbaycanda da istənilən xarici dili öyrənmək olar. Çünki vətəndaşlarımız nə qədər çox xarici dil bilərsə, o qədər yaxşıdır. Rusdilli təmayüllü məktəblərin olması da normal haldır. Amma ölkəmizdə Rusiyadan ədəbiyyatın gətirilməsi mədəniyyətimizə müdaxilədir. Bu, Azərbaycan mədəniyyətini dağıtmaq üçün bir minadır. Çingiz Abdullayev kimi adamlar - millətinə xor baxanlara ziyalı sayılmaz. Xalqımıza Bəxtiyar Vahabzadə, Xudu Məmmədov kimi yanaşmaq lazımdır. Bu siyahını daha da uzatmaq olar”.

Keçmiş deputat diqqətə çatdırıb ki, dilimizi, mədəniyyətimizi aşağılamaq, guya rus dilində danışmağı elit danışıq kimi qəbul etmək gülməlidir:

“11-12-ci əsrlərdə Azərbaycan türkləri imperiyalar quran zaman rus dövləti deyilən bir şey yox idi. Bu gün də Rusiyanın əksəriyyətini müsəlmanlar təşkil edir. Hamam nə idi bilmirdilər, bizim mədəniyyətimizə baxıb öyrəndilər. Azərbaycan dili və mədəniyyəti həmişə üstün olub. İndi başqa dildə danışmaq mədəni sayılırsa, bu, sadəcə gülməlidir. Yüz illərlə ömür sürən və az qala dünyanın yarısını fəth edən türklərin dili və mədəniyyəti bu gün də aparıcıdır.
Millətimiz qədər qürurlu, şərəfli, mədəni millət yoxdur. Bunu tarixən sübut etmişik. Heç kimdən çəkinmədən Rusiya da daxil olmaq digər əcnəbi dilərin öyrənilməsi üçün sadəcə təmayüllü məktəblər qurmalıyıq. Mədəniyyətimizin yıpranmasına şərait yaratmalı deyilik”.

Yeganə Bayramova
Bu xəbər oxucular tərəfindən 1004 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed