Şrift:
Türkdilli Ölkələrin və Toplumların Media Platforması yaradılıb
29.10.2011 [10:19] - Türk dünyası-Turan
Bakıda keçirilən Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun sonunda Türkdilli Ölkələrin və Toplumların Media Platforması yaradılıb.

Platformanın tərkibi Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Özbəkistan və Türkmənistan kimi türkdilli ölkələrlə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan türk toplumlarının mətbuatla əlaqəli qurumları, jurnalist təşkilatları, televiziya, radio, eləcə də yazılı media mənsublarından ibarətdir.

Platformanın katiblik fəaliyyətinin həyata keçirildiyi Baş Katiblik Ankaradır. Üzv dövlətlərlə əlaqələr də məhz Baş Katiblik tərəfindən nizamlanır.

Platforma Türkdilli Ölkələr və Topluluqların Media Forumunu mütəmadi olaraq hər il müəyyən edilən ölkədə keçirilməsini təmin etməlidir.

Türkdilli Ölkələrin və Toplumların Media Platformasının Koordinasiya Şurası (KŞ) sədr, baş katib, ölkə və ya topluluqların komitə sədrlərindən formalaşır. Sədr ənənəvi olaraq KŞ üzvləri arasından seçilir. KŞ ildə ən azı bir dəfə toplanaraq, gündəmdə olan məsələləri müzakirə etməli və səs çoxluğu ilə qərarlar çıxarmalıdır.

Platforma tərəfindən təşkil edilməsi nəzərdə tutulan kurs, seminar, toplantı və bu kimi tədbirlər ev sahibi olan qurum və ya quruluşların maliyyə dəstəyi ilə həyata keçirilir.

Platformanın veb-saytı da yaradılacaq.

Qeyd edək ki, Platformanın yaradılması mərasimində Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da iştirak edib.
Bu xəbər oxucular tərəfindən 1049 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed