Şrift:
Başından daşla vurulan şəxsin xəstəxanada ölməsi ilə bağlı cinayət işi başlanıb
16.09.2020 [11:26] - Gündəm, Hüquq
Sentyabrın 13-də Xətai rayonu ərazisində Orxan Yusiflinin baş nahiyəsinə daşla zərbə vurularaq xəsarət yetirilməsi və aldığı xəsarətdən iki gün sonra xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Xətai Rayon Prokurorluğunun daxil olan məlumatında bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla hadisənin Kamran Ələsgərov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Orxan Yusiflinin baş nahiyəsinə daşla zərbə vurularaq törədilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

Kamran Ələsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 1272 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed