Şrift:
Şəki rayonunda 28 ağacın qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanıb
17.09.2020 [10:07] - Gündəm, Sosial
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür. Lakin bəzi hallarda ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və belə hallara qarşı prokurorluq orqanları tərəfindən ən ciddi mübarizə tədbirləri davam etdirilir.

Şəki Rayon Prokurorluğunun daxil olan məlumatında bildirilib ki, Şəki rayonunun Baş Kəldək bələdiyyəsinin mülkiyyətinə aid Aşağı Kəldək kəndinin ərazisində yerləşən ağacların köküstə qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalarla həmin kəndin ərazisində 27 qovaq və 1 qoz cinsli ağacın məhv edilməsi nəticəsində təbiətə 60 min manat məbləğində ziyan dəyməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın aparılması rayon polis şöbəsinin istintaq bölməsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş maddi ziyanın ödənilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 313 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed