Şrift:
Hindistanda pandemiya səbəbindən əhalinin siyahıyaalınması təxirə salınıb
18.09.2020 [11:44] - Gündəm, Sosial
Hindistan hökuməti COVID-19 böhranının yaratdığı vəziyyətlə əlaqədar əhalinin siyahıyaalınmasının birinci mərhələsini təxirə salıb.

Hindistan KİV-ləri xəbər verir ki, bu barədə qərarı Federal Daxili İşlər naziri Nityanand Ray parlamentdə çıxışı zamanı açıqlayıb. Siyahıyaalınmanın birinci mərhələsinin gələn ilin aprel-sentyabr aylarında keçirilməsi nəzərdə tutulmuşdu.

Hindistanda əhalinin siyahıyaalınması on ildən bir keçirilir. Proses zamanı təxminən 3 milyon sayıcı evlərə, yataqxanalara, iş yerlərinə bir-bir baş çəkərək müvafiq anketləri doldurur. Pandemiyanın yaratdığı böhran fonunda bu işləri reallaşdırmaq qeyri-mümkün hesab olunub.

Qeyd edək ki, Hindistan hazırda pandemiyanın episentrinə çevrilib. Son 10 gün ərzində orta hesabla sutkalıq yoluxma sayı 90 min nəfər təşkil edib. Bu müddətdə dünyada sutkalıq ən çox yoluxma da Hindistanda qeydə alınıb. Ötən gün yoluxma sayı 96 min 424, ölüm sayı isə 1174 olub. İndiyədək Hindistanda 5 milyon 214 min 677 nəfər bu virusa yoluxub, 84 min 372 nəfər isə ölüb. Hindistan virusa yoluxanların sayına görə dünyada ikinci, ölüm sayına görə isə üçüncü yerdədir.
Bu xəbər oxucular tərəfindən 622 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed