Şrift:
İranda dolların məzənnəsi yeni rekord həddə yüksəlib: 27 300 tümən
21.09.2020 [11:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yayılan məlumata əsasən, bu gün axşam saatlarına yaxın Tehranın valyuta dəyişmə məntəqələrində hər 1 ABŞ dolları 27 300 tümən qarşılığında müamilə edilib. Dolların məzənnəsi dünən 26 950 tümən idi.



Qeyd edilir ki, dolların məzənnəsinin yeni rekord həddə yüksəlməsi, ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun sentyabrın 19-da bəyanat yayaraq, Tramp hökumətinin İrana qarşı tətik mexanizmini işə saldığını rəsmən elan etməsindən sonra baş verib.


Pompeonun dediyinə görə, tətik mexanizminin işə salınması ilə BMT Təhlükəsizlik Şurasının İrana qarşı bütün əvvəlki sanksiyaları avtomatik olaraq, yenidən qüvvəyə minib.


Xatırladaq ki, son aylar dolların kəskin bahalaşmasının qarşısını almaq üçün İranın Mərkəzi Bankı ölkənin valyuta bazarına 1 milyard dollar daxil etsə də, bu problemin daimi həllinə kömək edə bilməyib.


İran Mərkəzi Bankının rəisi Əbdülnasir Hemmətinin bildirdiyinə görə, Mərkəzi Bank son 15 il ərzində dolların məzənnəsini nəzarətdə saxlamaq üçün ölkənin valyuta bazarına 280 milyard dollar xarici valyuta daxil edib. Bu isə valyuta bazarına hər il 18 milyard dolların daxil edilməsi deməkdir.


İqtisadçı- ekspertlərin bildirdiyinə görə, islam respublikasının neft gəlirlərindən məhrum edilməsi, ölkənin qeyri-neft sektorunda ixracatın 40% aşağı düşməsi, beynəlxalq sanksiyalar və digər bu kimi amillər İranda milli valyutanın dəyərinin kəskin düşməsinə, dolların məzənnəsinin isə getdikcə yüksəlməsinə gətirib çıxarıb.
Bu xəbər oxucular tərəfindən 629 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed