Şrift:
Vüqar Əliyev: Jurnalistika sahəsində savadlı və yeniliklərə açıq kadrlar hazırlamaq ali məqsədimizdir
24.09.2020 [12:00] - Xəbərlər, Mədəniyyət
Müasir texnologiyalar, kommunikasiya imkanları təhsil standartlarının dəyişməsini, yeni təlim və təhsil metodlarının yaranmasını labüd edir. Onlayn dərslərin tətbiqi, kommunikasiya-informasiya texnologiyalarından maksimum istifadə və informasiyanın sürətli yayımında yeniliklərə imza atıldı. Beləliklə, informasiya mühitində yeni dövr jurnalistikası meydana gəldi. Azərbaycanda jurnalistika ixtisasının tədrisinə başlanıldığı ilk ali məktəb və keyfiyyətli kadr hazırlığı həyata keçirən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi bu gün də inkişaf xətti ilə öndədir. Aparılan uğurlu inkişaf strategiyası, universitetin bütün sahələrində olduğu kimi, Jurnalistika fakültəsində də hiss olunmaqdadır. Yeni jurnalistika təhsili ilə bağlı aparılan uğurlu islahatlar barədə fakültənin dekanı filologiya elmləri doktoru Vüqar Əliyev fikirlərin bölüşüb.

O bildirib ki, onlayn təhsilə keçid tədris proqramları, eləcə də təhsilin məzmununda ediləcək dəyişiklikləri sürətləndirdi. Jurnalistika fakültəsi olaraq biz də bir sıra yeniliklərə imza atdıq. 2020-ci ildə Təhsil Nazirliyi tərəfindən Jurnalistika ixtisası üzrə yeni təhsil proqramı qəbul edildi. Proqramda istər ixtisas, istərsə də qeyri-ixtisas fənlərilə bağlı ciddi dəyişikliklər həyata keçirildi. Bu dəyişikliklərin edilməsində də başlıca məqsəd ali jurnalistika təhsilini müasir tələblərə cavab verən ixtisas proqramı əsasında həyata keçirməkdir. Təhsil Nazirliyinin təsdiq etdiyi yeni ixtisas proqramındakı dəyişikliklərə əsasən, ixtisasla bağlı seçmə fənn bloklarının sayı artırıldı, konflikt jurnalistikası, beynəlxalq informasiya hüququ və jurnalistika, informasiya təhlükəsizliyi və informasiya siyasəti, beynəlxalq münasibətlər sistemində jurnalistika, media və siyasət, media və iqtisadiyyat, media savadlılığı, media idarəçiliyi və menecment fəaliyyəti, türk xalqlarının müasir mediası və s. kimi yeni və müasir dövrdə tədrisi vacib olan fənlər əlavə edildi. 2014-cü il tədris planında müəyyən qədər bir-birini təkrarlayan fənlər bir fənn adı altında yeni proqrama daxil edildi. Bu dəyişikliklər nəticəsində, eyni zamanda, sahə jurnalistikası ilə bağlı bir sıra yeni fənlər tədris planına əlavə edildi və bu, bir ilk hesab oluna bilər. Bütün bu dəyişikliklər zamanı tədris olunan dərslərin keyfiyyəti, eləcə də tələbələrimizin istək və arzuları nəzərə alındı.

Dekan vurğulayıb ki, ixtisas proqramı hazırlanarkən Qərb, xüsusilə də qardaş Türkiyə Cümhuriyyətinin media və kommunikasiya ixtisasları ilə bağlı proqramlar diqqətlə öyrənilib. Bu, ilk növbədə, Türkiyə ali məktəbləri ilə tələbə mübadiləsi, eləcə də media təhsili təcrübələrinin tətbiqi məqsədilə atılan addımdır. Ümumilikdə Jurnalistika ixtisası üzrə tədris proqramına edilmiş dəyişikliklər təqribən 70 faizdir. Lakin bu, son deyil və 101 yaşlı flaqman universitet, 92 illik ali jurnalistika təhsili təcrübəsinə malik fakültə olaraq hədəflərimiz çoxdur. Biz, ümumiyyətlə, jurnalistika təhsilinə kökündən yeni baxışı və dəyişikliyi hədəf alırıq.

“Universal jurnalistika ixtisası üzrə bakalavr səviyyəsinə qəbulun yerinə 3 ixtisas üzrə - yeni media jurnalistikası, televiziya və radio jurnalistikası və beynəlxalq jurnalistika ixtisasları üzrə qəbulun həyata keçirilməsini arzu edirik. Düşünürük ki, bu, mediamızın inkişafı üçün yeni ixtisaslaşmış kadrların hazırlanmasına ciddi təkan verə bilər. Bakalavr səviyyəsində 3 istiqamət üzrə qəbul proqramının həyata keçirilməsi, nəticə etibarilə magistratura pilləsində də ixtisaslaşmalara yenidən baxmağı labüd edəcək. Sahə jurnalistikasını tədrisə transformasiya etməyimiz də qarşıya qoyduğumuz hədəflərimizdəndir. Jurnalistika sahəsində savadlı və yeniliklərə açıq kadrlar hazırlamaq ali məqsədimizdir. Yeni tədris ilində həm tələbələrimizə, həm də müəllimlərimizə uğurlar arzu edirik. Ümidvarıq ki, yeniliklərin tətbiqi öz müsbət təsirini tezliklə göstərəcək”, - deyə Vüqar Əliyev qeyd edib.
Bu xəbər oxucular tərəfindən 504 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed