Şrift:
Düşmənin Tərtər Rayon Məhkəməsinin yerləşdiyi əraziyə artilleriya atəşi nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb
28.09.2020 [13:40] - Xəbərlər, Hərb
Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. Dərin kədər hissi ilə qeyd edirik ki, düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində sentyabrın 28-də saat 11 radələrində Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən rayon məhkəməsinin inzibati binasının yanına düşmüş mərmi qəlpələrindən 1975-ci il təvəllüdlü Əliyev Mehman Sovet oğlu həlak olub.

Baş Prokurorluğun mətbuat xidmətən bildiriblər ki, həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşının sürücüsü 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan hərbi polisin əməkdaşı 1994-cü il təvəllüdlü Hüseynov Fəxrəddin Fərman oğlu, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Tural Firdovsi oğlu yaralanıblar.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni aparma), 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12-cü (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədilə zəruri sənədləşdirilmə aparılır və müvafiq qaydada sübutlar toplanılır.

İctimaiyyətə mütəmadi qaydada məlumatlar veriləcək.
Bu xəbər oxucular tərəfindən 517 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed