Şrift:
Milli Qəhrəmanın atası: Tezliklə Qarabağda Qələbəni qeyd edəcəyik!
29.09.2020 [10:51] - Xəbərlər, Sosial
Ordumuz düşməni bütün işğal olunmuş torpaqlarımızdan çıxaracaq. Mən də hamı kimi, böyük Qələbəyə inanıram. Cəbhədə artıq real nəticələr var. Kəndlərimiz, strateji yüksəkliklər azad olunub. Əminəm ki, qələbə xəbərləri gəldikcə oğlum Çingizin və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin ruhu şad olur. Allah Ordumuzu müzəffər eləsin!

Bunu müsahibəsində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun atası Salman Qurbanov söyləyib.

S.Qurbanov bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə Ermənistana təxribatlardan əl çəkmək, işğal olunmuş torpaqlarımızdan çəkilmək barədə xəbərdarlıqlar edib. “Torpaqlarımızı azad etmək üçün həm siyasi iradə, həm də güclü ordumuz var. Otuz il dözmüşük. Ölkəmizdə qismən səfərbərlik elan olunub. Oğullarımız könüllü şəkildə cəbhəyə yollanmaq üçün müraciət edirlər. Mən hələ 2017-ci ildə Prezident İlham Əliyevlə görüşərkən bildirmişəm ki, əmr verilsə özüm də döyüşlərə qatılmağa hazıram. Artıq zamanı yetişib. Tezliklə Qarabağda Qələbəni qeyd edəcəyik”, - deyə Salman Qurbanov söyləyib.

Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Şəhidin cəsədi 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.

2017-ci il fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə Sərəncam imzalayıb. Onun adı Qusar şəhərində bir küçəyə və Həzrə kəndində vaxtilə təhsil aldığı tam orta məktəbə verilib. Ç.Qurbanovun adını daşıyan küçədə barelyefi qoyulub.
Bu xəbər oxucular tərəfindən 255 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed