Şrift:
BMT erməni təcavüzü və ona qarşı Azərbaycanın ədalətli müharibəsinin müzakirəsinə geciksə də…
29.09.2020 [22:21] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Fərqli bir müzakirə olacaqsa, bizi haqq yolundan döndərməyə çalışacaqlarsa, ona əhəmiyyət verməməliyik”

BMT Təhlükəsizlik Şurası (TŞ) Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təcili müzakirə keçirməyi planlaşdırır. Bu barədə məlumatı dünyanın bütün nüfuzlu KİV-ləri paylaşıb: “Çox güman ki, müzakirə çərşənbə axşamı, qapalı formatda keçiriləcək məsləhətləşmələr zamanı aparılacaq”.

Azərbaycan və Ermənistan arasında gərginliyin artması ilə əlaqədar sentyabrın 29-da Almaniyanın da təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcəyini həmin ölkənin Azərbaycandakı səfirliyi də təsdiqləyib.

Səfirlikdən deyilib ki, Fransa ilə yanaşı, Almaniya bu görüşün keçirilməsi üçün təşəbbüskar ölkə kimi irəli çıxıb: "Almaniya Xarici İşlər Nazirliyi və Dövlət katibi regiondakı vəziyyətlə yaxından maraqlandığı üçün bu təşəbbüslə çıxış edib. Bu görüş sırf siyasi məlumatlandırıcı xarakter daşıyır, görüşdə hər hansı qətnamə qəbul olunmayacaq".

BMT-nin hazırda cəbhədə baş verən hadisələrə belə operativ reaksiya verməsi təəccüb doğurur. Bu qurum, yaxşı olardı ki, 27 il bundan əvvəl qəbul etdiyi, lakin Ermənistanın məhəl qoymadığı TŞ qətnamələrinin də icrası ilə bağlı belə opaerativlik göstərəydi. Təəssüf ki, bunu biz görmədik. Qeyd edək ki, nəzərrdə tutulan toplantı və ondan olan gözləntilərimizlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva da münasibətini açıqlayıb:

"Biz ümid edirik ki, 1993-cü ildə olduğu kimi, BMT Təhlükəsizlik Şurası yenidən Ermənistanı öz qoşunlarını işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmağa çağıracaq".

Nəzərə almalıyıq ki, BMT TŞ-nın daimi üzvləri arasında Ermənistana açıq dəstək verən ölkələr var. Onların tərəfkeşliyi ilə bizim üçün məqbul olmayan hər hansı bir qərarın qəbul edilməsi perspektivi necə qiymətləndirilir və belə olacağı təqdirdə ölkəmiz hansı addımı atmalıdır?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan bir az fəallaşan kimi bəzi qurumların və xüsusilə də BMT-nin “operativliyi” təəccüb doğurmaya bilməz: “Maraqlıdır, bunlar 30 ildir hardadırlar, niyə indiyə kimi belə fəallıq ortaya qoymurdular? Mən uyğun bilirdim Azərbaycan XİN onlara təklif göndərsin ki, elə bugünkü müzakirədə Ermənistanla bağlı qəbul edilmiş 4 qətnamənin icra mexanizmi barədə qərar qəbul etsinlər. Elə bir neçə dəqiqə əvvəl gördüm ki, həmin təklif artıq XİN tərəfindən BMT-yə verilib. Buyursunlar, Ermənistanı məcbur etsinlər ki, öz qətnamələrini icra etsin. BMT nizamnaməsinin 7-ci maddəsinin 45-48-ci paraqraflarında nəzərdə tutulub ki, qətnamələri icra etməyən dövlətə sanksiyalar tətbiq edilə bilər. Bu gün həm də Rusiya Dumasında bu məsələyə baxılıb, hansısa bəyanat qəbul ediblər. Yaxşı olar ki, onlara da cavab göndərilsin və soruşulsun ki, nəyə görə iyul ayında 400, avqustun 5-dən sonra isə 500 ton silahı Ermənistana göndəribsiniz? Həmin silahların tətbiqi nəticəsində bizim mülki vətəndaşlarımız həlak olur. Biz bu sualı onlara verməliyik. 2016-cı ildə hərəkətlənmə olan kimi bizə müraciət etdilər ki, atəşkəs elan edin, biz məsələni dinc yolla həll edəcəyik. Azərbaycan tərəfi onlara şans verdi. Bunlar nə etdi? Hətta vəziyyət o həddə çatdı ki, Ermənistanın müdafiə naziri yeni torpaqlar əldə etmək üçün, yeni hərbi doktrina qəbul etdiklərini bəyan etdi. Buna da susdular. Bu gün orda bir müzakirə olacaqsa, Ermənistanı qətnamələrin icrasına məcbur etməklə bağlı olmalıdır. Fərqli bir müzakirə olacaqsa, bizi haqq yolundan döndərməyə çalışacaqlarsa, ona əhəmiyyət verməməliyik. Türkiyə prezidentinin yaxşı bir sözü var: “dünya yalnız 5-dən ibarət deyil”. Çox doğrudur, bu gün dünyada söz sahibi olan ölkələr olan Türkiyə, Pakistan var. Biz kiminsə diqtəsilə haqqımızı kiməsə yedirdə bilmərik. Belə olan halda müharibənin saxlanmasının bir yolu var. Ermənistanı məcbur etməlidirlər ki, üzərinə torpaqları işğaldan azad edəcəyinə dair öhdəlik götürsün. Sülməramlılardan söhbət gedirsə, onlar yalnız Azərbaycan və Ermənistan sərhədində ola bilər. Azərbaycanın daxilində belə qüvvələrin yerləşdirilməsindən söhbət gedə bilməz. Bu gün bütün partiyalar, diaspor təşkilatları, QHT-lər və bütün vətəndaşlarımız atılan addımları dəstəkləyir. Bu bir milli iradədir, qarşısını kimsə ala bilməz”.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi mövcuddur və onlar hələ də yerinə yetirilməyib. Bu qətnamələrin yerinə yetirilməməsi hazırkı vəziyyətə gətirib çıxarıb. Yaxşı olar ki, BMT öz nüfuzunu bərpa etmək üçün bugünkü müzakirədə bu məsələyə bir əncam çəksin.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 426 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed