Şrift:
İsrailə yenicə göndərdiyi səfiri məsləhətləşmələrə çağıran Paşinyanın niyyətində İranı aldatmaq faktoru...
03.10.2020 [09:03] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Böyük imperiyaların varisləri olan ölkələr məğlub olmaqda olan ölkələri tez zamanda satırlar”

Ermənistan KİV-inin verdiyi məlumata görə, İrəvan İsraildəki səfirini geri çağırıb. Buna səbəb kimi İsrailin Azərbaycana silah tədarük etməsinə görə məsləhətləşmələrin aparılması göstərilib. Məlumatı Ermənistan Xarici işlər nazirliyinin mətbuat katibi Anna Nağdalyan brifinqdə açıqlayıb. Nağdalyan bildirib ki, İsraildən Türkiyənin dəstək göstərdiyi Azərbaycana ən müasir silahın çatdırılması Ermənistan üçün qəbuledilməzdir. Bunları nəzərə alaraq, Ermənistan XİN İsraildəki səfiri məsləhətləşmələr üçün geri çağırıb. Nağdalyan Azərbaycanı “təcavüzkar” adlandıraraq şər atmaqdan da çəkinməyib.

Qeyd edək ki, Ermənistan İsraildə səfirliyi yenicə açıb. Belə qısa müddətdə həmin ölkədən bu şəkildə küsməyin səbəbi çox maraqlıdır. İsrailin Azərbaycana silah satdığı sirr olmayıb. Bunu Ermənistan əvvəldən də bilirdi. Belə olan təqdirdə, niyə məhz indiki məqamda Ermənistan həmin ölkəyə belə nümayişkəranə etiraz bildirir? Burada başqa niyyətlərin olduğu da üzə çıxır. Məlumdur ki, son proseslərdə Ermənistan regionda təklənmiş vəziyyətdə qalıb. Onun qonşular sırasında yeganə ümidi İranadır. Bu İslam ölkəsilə İsrailin münasibətlərinin gərgin olması hamıya bəllidir. Çox güman ki, Ermənistan bu manevri ilə İranın xoşuna gəlməyə çalışır. Bu versiya barədə ekspertlər nə düşünür?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan daima şər üçbucağında yer alır, amma əsas deyil, yamaq ölkə kimi: “ Bu şər üçbucağının da qələmi artıq qırılıb. İsraillə Azərbaycanın yaxınlığı təkcə dövlətlərarası münasibət deyil, bu həm də xalqlararası yaxınlıqdır. Yəhudilərin Azərbaycan xalqına çox böyük hörməti var, çünki qarşılıq görüblər. Onlar buna görə də təmənnasız olaraq dünyanın hər yerində azərbaycanlıları müdafiə edirlər. Ermənistanın bir deyil, üç səfirliyi olsa belə, İsraildən nəsə qopara bilməzdilər. Hansısa mənada, protokol qaydasına uyğun olaraq həmin səfirliyi açıblar. Ermənistanın hər yerdən əli üzülüb. Ağaları Rusiya da onun üzərindən əlini çəkib. Rusiyanın özünün bütün qonşuları, hətta slavyan dövlətləri ilə ciddi problemləri var. Ermənistan, demək olar ki, çabalaya-çabalaya qalıb. Heç güvəndikləri diasporun da köməyi dəymir. Artıq ortaya böyük şərtlər qoyulur. Yeni yanaşmalarda İsrailə və onun müttəfiqlərinə qəti yer yoxdur. İsraillə münasibəti pozub İranı qazanmaq istəmək də onlara nəsə qazandırmayacaq. İranı özlərinə qazanc saymaq istəyirlərsə, cəhənnəmə gedənə yoldaş olacaqlar. Çünki İranın da sonu yoxdur. Bu məsələdə narahat olmaq lazım deyil, əksinə, sevinməliyik. İranın özünü də Ermənistan amili qarışdıra bilər. Artıq Təbrizdə, Tehranda yaşayan azərbaycanlılar İranın Ermənistana pəncərə açmasına etiraz edir. Hətta orada maşınların yandırıldığınaı da gördük. İranın özü anlayır ki, onun Ermənistana yaxınlaşması belə çox risqlidir. Böyük imperiyaların varisləri olan ölkələr məğlub olmaqda olan ölkələri tez zamanda satırlar. İran da daxildən olan təpkilərin qarşısında Ermənistana arzuladığı dəstəyi verə bilməyəcək. Ancaq bunu sona qədər sınayacaq. Ermənistan naminə yox, həm də Azərbaycan faktoruna görə. Daxildə baş verən etirazlar İranı bir qədər ehtiyatlı olmağa vadar edəcək”.

İran yaxın qonşumuz olan müsəlman ölkəsi kimi müəyyən detalları mütləq nəzərə almalıdır. İstənilən anti-İran koalisiyasında Azərbaycan yer almayıb, hətta ölkəmizdən ora qarşı istifadəni belə qadağan edib. Yaxşı olardı ki, onlar da adekvat münasibət ortaya qoysunlar.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 540 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed