Şrift:
İşğal olunan Azərbaycan ərazilərində Ermənistan tərəfindən dini ibadət yerləri dağıdılıb
10.10.2020 [12:27] - Gündəm, Mədəniyyət
Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan xalqının öz pozulan hüquqlarının bərpası üçün apardığı haqq savaşını çirkin vasitələrə əl atmaqla “dinlərarası toqquşma” kimi təqdim etməyə və beləliklə xristian ölkələrinin dəstəyini qazanmağa cəhd göstərir. İşğalda olan Şuşa şəhərindəki Qazançı kilsəsinin guya Azərbaycan ordusu tərəfindən vurulması iddiası da məhz bu qəbildəndir.

Bu fikirləri açıqlamasında Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədr müavini, ADA Universitetinin professoru Gülməmməd Məmmədov deyib.

O bildirib ki, hər kəs Ermənistan və onun işğalçı siyasətini dəstəkləyən qüvvələrin yalan və hiylələrinə qarşı mübarizə aparmalıdır: “Düşmən bizi Şuşadakı kilsəni vurmaqda ittiham edir. Həmin videogörüntüləri şərh edən hərbi ekspertlərin də rəyləri var ki, kilsə Azərbaycan Silahlı Qüvvələrinin döyüş əməliyyatları həyata keçirdiyi istiqamətdən deyil, məhz Ermənistan istiqamətindən vurulub. Dini və mədəni əhəmiyyətli abidələri nişan almaqla, ermənilər hər vəchlə münaqişəni dini zəminə çəkməyə çalışır”.

Professor Gülməmməd Məmmədov diqqətə çatdırıb ki, Azərbaycan hər zaman dünyəvi dinlərə və onların məbədlərinə dövlət səviyyəsində qayğı göstərib. Ermənistanın Azərbaycana qarşı təcavüzünə baxmayaraq, dövlətimiz Azərbaycan ərazisindəki erməni kilsələrinə də daim diqqət göstərib. Ölkəmizdə mövcud olan dini tolerantlıq bütün dünyada nümunədir. Lakin işğal olunan Azərbaycan ərazilərində Ermənistan tərəfindən dini ibadət yerləri dağıdılıb, onlara qarşı təhqiramiz əməllər törədilib.

“Təcavüzkar Ermənistan ordusu günlərdir mülki əhalimizi atəşə tutmaqda davam edir. Gəncə, Mingəçevir, Goranboy, Tərtər, Şəmkir, Bərdə, Ağcabədi və hərbi əməliyyatların aparılmadığı digər yaşayış məntəqələrinə raketlər atılır. Mülki əhalimiz arasında xeyli sayda həlak olan və yaralananlar var. Ermənistan əksər hallarda qadağan olunmuş silahlardan - kaset, uzaqmənzilli raketlər, fosfor və klaster bombalardan istifadə edir. Bu cür hallar müharibə cinayəti sayılır. Artıq Respublika Prokurorluğu bu hallarla bağlı cinayət işi açıb və cinayətləri törədənlərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq işlər görülür. Düşmən elə hesab edir ki, təmas xəttindən uzaq yaşayış məntəqəmizi atəşə tutmaqla daxilində təşviş yaradaraq, ordumuzu döyüşdən çəkindirəcək. Əksinə, bu cür hallar bizim döyüş əzmimizi daha da artırır”, - deyə Gülməmməd Məmmədov qeyd edib.

O vurğulayıb ki, bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz şanlı tarix yazır: “Ölkəmizin hər yerindən, ən ucqar kəndlərdən ordumuza verilən dəstəyi görürük. Sonuncu tikəsini əsgərlərimizlə bölüşən insanlar var. Yaşından və sosial statusundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Vətən müharibəmizdə qələbə üçün çalışır. Hamı işğal altında olan ərazilərimizin sonuncu kəndinə, sonuncu cığırına qədər işğaldan azad edilməsi xəbərini gözləyir. Hər gün ön cəbhədən aldığımız xəbərlər onu göstərir ki, qələbə çox da uzaqda deyil. Biz işğaldan azad edilən Cəbrayıl şəhərində bayrağımızın qaldırılmasını qürur hissi ilə izlədik. Bayrağımızın Şuşada dalğalanacağı günü səbirsizliklə gözləyirik. Əminik ki, həmin gün çox yaxındır”.
Bu xəbər oxucular tərəfindən 445 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed