Şrift:
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
12.10.2020 [10:31] - Gündəm, Mədəniyyət
Mədəniyyət Nazirliyi oğurlanmış və ya qeyri-qanuni ixrac edilmiş mədəniyyət obyektlərinə dair UNIDRUA Konvensiyasının 25-ci ildönümünə həsr olunmuş onlayn beynəlxalq konfransda təmsil olunub.

Romada təşkil olunmuş beynəlxalq konfrans 1995-ci ilin UNIDRUA Konvensiyasının nailiyyətlərinin qiymətləndirmək, oğurlanmış və ya qeyri-qanuni ixrac edilmiş mədəni obyektlərin geri qaytarılması üçün vahid qanunvericiliyin əhəmiyyəti barədə iştirakçıları məlumatlandırmaq, bu istiqamətdə səylərin digər beynəlxalq sənədlərlə gücləndirmək, habelə gələcək addımları və layihələri nəzərdən keçirmək kimi məsələlərə həsr olunub.

Onlayn konfransda iştirak edən Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin sektor müdiri Yaşar Hüseynli bildirib ki, qloballaşan dünyada oğurlanmış mədəni sərvətlərin qanunsuz ticarətinin qarşısının alınması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan müxtəlif təşkilatların məsələyə dair beynəlxalq hüquqi sənədlər qəbul etməsi təsadüfi deyil. Bunlardan "Silahlı münaqişə baş verdikdə mədəni mülkiyyətin qoruması haqqında” 1954-cü il Haaqa Konvensiyasını, “Mədəni sərvətlərin qanunsuz idxalı, ixracı və onların üzərində mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilməsinə və qarşısının alınması vasitələrinə dair” 1970-ci il UNESCO Konvensiyasını, Avropa Birliyinin və Avropa Şurasının əlaqəli hüquq sənədlərini qeyd etmək mümkündür.

Bu sırada 1995-ci ilin UNIDRUA Konvensiyası çox mühüm önəm kəsb edir. Əsasən beynəlxalq ümumi hüquq sahəsini ehtiva edən sadalanan konvensiyalardan fərqli olaraq, UNIDRUA Konvensiyası kifayət qədər mürəkkəb beynəlxalq xüsusi hüquq sahəsini əhatə edir. Səbəb isə sadədir. UNESCO konvensiyaları oğurlanmış mədəni sərvətlərin rəsmi trafik (qaçaqmalçılıq) imkanlarını praktik olaraq əngəlləyir. Lakin buna baxmayaraq qeyri-rəsmi olaraq oğurlanmış mədəni dəyərlər nəzarət edilməsi çox çətin olan şəxsi kolleksiyalara yerləşdirilib.

Bu sahədəki fəlakətə bir nümunə olaraq Y.Hüseynli Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində baş verənləri misal gətirib. Humanitar fəlakət, etnik təmizləmə, bir milyon qaçqın, dağılmış sənaye və kənd təsərrüfatı infrastrukturu ilə yanaşı, işğal edilmiş torpaqlarda muzeylər, qalereyalar, saraylar, kitabxanalar, məbədlər, tarixi abidələr kimi minlərlə mədəniyyət obyekti məhv edilib. İşğalçı qüvvələr Azərbaycan mədəniyyətinə aid yüz minlərlə mədəni əşyanı və muzey eksponatlarını qarət ediblər. Bütün bunlar, müxtəlif ölkələrdəki şəxsi kolleksiyalar da daxil olmaqla, qanunsuz olaraq ixrac edilib və satılıb.

Vurğulanıb ki, oğurlanmış mədəni əşyaların qanunsuz olaraq xaricə çıxarılması kimi faktlar hərbi təcavüz zamanı əraziləri işğal olunmuş bütün ölkələrdə baş verir. Bunun dayandırması və oğurlanan mədəni sərvətləri həqiqi sahiblərinə qaytarılması beynəlxalq ictimaiyyət səylərini artırmalıdır. 1995-ci il UNIDROIT Konvensiyası bu və ya digər səbəblə xüsusi kolleksiyalarda, sənət bazarlarında və auksionlarda yerləşdirilən oğurlanmış mədəni obyektlərin müəyyən edilməsində əvəzsiz rol oynaya bilər.
Bu xəbər oxucular tərəfindən 354 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed