Şrift:
Siyəzəndə bu il 34 aztəminatlı ailə Özünüməşğulluq proqramına cəlb edilib
12.10.2020 [10:40] - Gündəm, Sosial
Özünüməşğulluq proqramı çərçivəsində 2020-ci ildə Siyəzən rayonunda 34 aztəminatlı ailəyə müxtəlif sahələr üzrə öz ailə bizneslərini yaratmaq üçün zəruri mal və materiallar verilib.

Bu ilin sonuna kimi daha 65 ailə verilmiş aktivlər hesabına əsasən, kənd təsərrüfatı və xidmət sahələri üzrə öz ailə təsərrüfatlarını formalaşdıracaq.

Rayonun Giləzi kəndinin sakini Şöhrət Abdulrəhimov Özünüməşğulluq proqramından faydalanmaq üçün Siyəzən Rayon Məşğulluq Mərkəzinə müraciət edib. Heyvandarlıqla məşğul olmaq istəyən sakinin ailə şəraiti dəyərləndirilib. Ş.Abdulrəhimov təlim kurslarına cəlb olunaraq biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnib. Ona təsərrüfatını qurmaq üçün 21 baş qoyun verilib.

“Artıq heyvanlarımın sayı 50-dən çoxdur. Təsərrüfatımı daha da böyütmək istəyirəm. Göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığımı bildirirəm”, - deyə A.Muradxanov bildirib.

Siyəzəndə Özünüməşğulluq proqramından faydalananlardan biri də avtoyuma fəaliyyəti ilə məşğul olan Vüsal Nisbiyevdir. O, 2 aylıq təlim kurslarına cəlb olunaraq biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnib. V.Nisbiyevə şəxsi biznesini qurmaq üçün aktivlər verilib.

Siyəzən Rayon Məşğulluq Mərkəzindən bildirilib ki, 4 il ərzində 150-dən çox ailə Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib. Aztəminatlı ailələrin kiçik biznesə çıxışına və ailə gəlirlərini artırmalarına imkan yaradan Özünüməşğulluq proqramının ildən-ilə genişləndirilməsi təmin edilir. Proqramın icrasında əlilliyi olan şəxslərə, şəhid ailələri üzvlərinə, məcburi köçkünlərə, aztəminatlı ailələrin və digər həssas qrupların, tərkibində sağlamlıq imkanları məhdud uşaqlar olan ailələrin, çoxuşaqlı ailələrin üzvlərinə və digər həssas qruplardan olanlara üstünlük verilir.
Bu xəbər oxucular tərəfindən 346 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed