Şrift:
Ermənistanın milli ideologiyasına çevrilən faşizm və terrorizm - Prezident vaxtilə xəbərdarlıq etmişdi...
14.10.2020 [11:46] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Beynəlxalq güclərin bu yanaşması təkcə ikili standart deyil, Ermənistan tərəfə dəstək vermək, həmçinin Ermənistandan maşa kimi istifadə eləməkdir”

Ermənistanın 1992-ci ildə törətdiyi Xocalı faciəsi, bir neçə gün öncə törətdiyi Gəncə terroru, dinc əhaliyə qarşı hücumları, bir milləti məhv edib onun torpağını tutmaq iddiaları mahiyyət etibarilə faşizmin eynisidir. Bir dövlət olaraq Ermənistan faşizm ideyalarından qidalanır. Təsadüfi deyil ki, bir neçə il öncə İrəvanda Hitler Almaniyasına qulluq etmiş, SSRİ-yə qarşı düşmənçilik fəaliyyəti aparmış faşist Qaregin Njdeyə qoyulmuş abidənin açılışı oldu.

Açılış mərasimində Ermənistan prezidenti və yüksək vəzifəli şəxslər iştirak ediblər. O zaman da dövlət başçısı İlham Əliyev dünya birliyinə üz tutaraq demişdir ki, Ermənistan faşizm ideologiyasını qanuniləşdirir. Gəncə terroru ilə Ermənistan bunu bir daha sübut etdi və bütün dünya, o cümlədən MDB dövlətlərinin nümayəndələri bu terrorun nəticələrini gördülər. Terrorizm və faşizm isə bütün dünyanın birgə mübarizə apardığı bir bəladır. XX əsrin 40-cı illərində dünya dövlətləri faşizmə qarşı necə birləşdisə, XXI əsrin əvvəllərində terrorizmə qarşı necə ayağa qalxdısa, eyni reaksiyanı Ermənistan terrorizminə də verməlidir. Lakin bu gün dünya dövlətləri Azərbaycanı bu məsələdə nəinki tək qoyub, hətta Ermənistana dəstəklərini belə əsirgəmirlər.

Ermənistan bu gün bütövlükdə Cənubi Qafqazı təhdid edən bir terror mərkəzi yaratmaqdadır. Müxtəlif ölkələrdən Dağlıq Qarabağ ərazisinə gətirdikləri muzdlu terrorçulardan ibarət peşəkar ordu yaratmaq niyyətini də gizlətmir. Belə ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində separatçı rejim “peşəkar ordu” formalaşdırmaq üçün “qanun layihəsini” qəbul edib. “Report” xəbər verir ki, məlumatı “Aysor” yayıb. Bildirilib ki, həmin “qanun”la muzdluların işğal altında olan torpaqlarda Azərbaycana qarşı döyüşməsi nəzərdə tutulub. Ermənistan hakimiyyəti və separatçılar bu “sənəd” vasitəsilə Qarabağda terrorçular və muzdluların döyüşdüyünü etiraf edir. Separatçı rejim terrorçuların və muzdluların fəaliyyətinə bu yolla “hüquqi” don geyindirməyə çalışır.

Qeyd edək ki, Dağlıq Qarabağdakı separatçı rejim qanunsuz strukturdur. Onun “peşəkar ordu” yaratmaq adı altında atdığı addımın da hüquqi əsası yoxdur. Odur ki, Qarabağdakı qanunsuz rejim “peşəkar ordu” adı altında xaricdən daha çox muzdlu gətirib və onların sayını artırmağı planlaşdırır. Münaqişədə tərəf olan həmsədr dövlətlər isə müxtəlif yollarla bu prosesə dəstək verməkdə davam edirlər.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan MDHP sədri Fərəc Quliyev bildirdi ki, erməni milləti ideoloji xətt olaraq faşizmi əsas götürüb:

“Bəzən bir millət haqqında mənfi fikir bildirəndə, bəziləri deyir ki, ümumiləşdirməyin. Ancaq mən hesab edirəm ki, belə deyil. Əgər bir millət özü üçün ideoloji xətt olaraq faşizmi götürübsə, bütövlükdə ya həmin millətin islah olunması lazımdır, ya da onlar haqqında həqiqət deyilməlidir. Bu son bir neçə günün məsələsi deyil, tarixən ermənilər həm Azərbaycan ərazisində, həm Güney Azərbaycan ərazisində soyqırımlar ediblər. Həm Türkiyə ermənilərə arxa çevirdikdən sonra o ərazilərdə soyqırımlar ediblər. Bunlar indinin özündə də monoetnik bir dövlət qurublar və özlərindən başqa orada heç kim yoxdur. Bu məsələdə həm də böyük dövlətlərin, ermənilərin arxasında duran dövlətlərin, beynəlxalq təşkilatların çox böyük günahı var. Şərq məsələsində o zaman ermənilərdən istifadə etdilər, çalışırdılar ki, Türkiyəni bölmək üçün onlardan istifadə etsinlər. Onların törətdikləri soyqırımlara göz yumdular. Xocalıda baş verən hadisələri törədən Sərkisyan gedib Avropa İttifaqının ali kürsüsündə çıxış edir və onu qəhrəman kimi qəbul edirlər. Ona söz deyən olmur, beynəlxalq məhkəməyə verən olmur”.

F.Quliyevin sözlərinə görə, bu ikili siyasətə, bu ayrı-seçkiliyə və cəzasızlığa öyrəşən Ermənistan görür ki, ona heç kim heç nə demir:

“Gəncədə olan hadisələr təkcə Ermənistanın suçu deyil, həm də bu məsələyə susanların, tarixən susanların, bu gün susanların suçudur. Ermənistanın siyasətində davamlı bir xətt var, onlar böyük Ermənistan qurmaq istəyirlər. Təcavüzü əvvəlcədən müəyyənləşdirirlər. Baş verənlərin heç biri təsadüfi deyil, hamısı ermənilərin taktiki gedişləridir. Azərbaycan ərazilərindən haranı işğal ediblərsə, orada bir nəfər azərbaycanlı saxlamayıblar. Bunları heç almanlarla da müqayisə etmək düzgün deyil. Almanlar tutduqları ərazidən heç kimi çıxartmırdı. Biz Ermənistanın cinayətlərini hansısa partiyanın üzərinə atmalı deyilik. Bəzən deyirlər ki, daşnaklar etdilər. Nə daşnak? Bu milləti idarə edən sistem nə olursa-olsun, istər də xaricdəki diasporaları olsun, istərsə də hazırkı oyuncaq hakimiyyətin başında duranlar olsun - bunlar hamısı bir məqsədə xidmət edirlər. Forma başqa olsa da, məzmun eynidir. Başqa millətləri məhv edib, onların torpağında dövlət qurmaq marağına xidmət edir”.

Deputat vurğuladı ki, dünya dövlətləri ikili standartlarına görə heç zaman faşizmə qarşı birləşdiyi kimi ermənilərə qarşı birləşməyəcək:

“Hətta Ermənistana dəstək verirlər. Fransa guya bu məsələlərdə vasitəçidir. Cəbhə xəttində aparılan monitorinqlərdə Fransanın özü də iştirak edir və görürdü ki, burada istehkamlar yaratmaq olmaz. Ancaq bizə məlumdur ki, Ermənistan tərəfdə olan istehkamların hamısını Fransa şirkətləri qurublar. Rusiya proseslərdə vasitəçi olsa da, Ermənistana təmənnasız olaraq silah-sursat daşımaqda davam edir. Gəncədə, Bərdədə, ondan əvvəl Füzulidə, Tərtərdə, Tovuzda mülki əhali vuruldu, uşaqlar, xanımlar öldü, yaralandı, ancaq Ermənistana bir kəlmə dur deyən yoxdur. Heç bir dövlət bu məsələ ilə bağlı səsini qaldırmadı, ancaq bunu Azərbaycan etsəydi indi bütün dünya üstümüzə tökülmüşdü, insan hüquqlarından danışırdılar”.

F.Quliyev onu da diqqətə çatdırdı ki, beynəlxalq güclərin bu yanaşması təkcə ikili standart deyil, Ermənistan tərəfə dəstək vermək, həmçinin Ermənistandan maşa kimi istifadə eləməkdir:

“Ermənilərin böyük dövlət yaratmaq xülyalarına dəstək verirlər. Ancaq bütövlükdə öz maraqlarına xidmət edirlər, özlərinin bölgədəki mövqelərini gücləndirirlər. Fransa Liviyada, Suriyada, İraqda və başqa yerlərdə mövqelərini itirəndən sonra türk düşmənliyinə görə Ermənistana dəstək verir. Digər dövlətlər bölgədə ağalıq etmək etmək üçün düşmən ölkəyə dəstək verir. Bu həm bizə qarşı olan ikili siyasətdir, həm də öz maraqlarına xidmət etməkdir. Həm də bu dövlətlərin öz mahiyyətində də faşizm var. Onlardan mədəd ummağa dəyməz, beynəlxalq qanunlara əməl edəcəklərini gözləmək də sadəlövhlük olardı”.

Nərgiz LİFTİYEVA/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 563 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed