Şrift:
Professor: Qələbə gününün yaxınlaşmasına koronavirusla mübarizə ilə də töhfə verə bilərik
24.10.2020 [11:55] - Gündəm, Sağlıq
Bir müddət əvvəl mütəxəssislər xəbərdarlıq etmişdilər ki, ilin soyuq fəsilləri gələndə, payız-qış mövsümündə koronavirusa yoluxmaların sayında artım ola bilər. Soyuq fəsil gəldikcə bütün dünyada yoluxma hallarının sayı kəskin şəkildə artıb. Hətta elə ölkələr var ki, xəstəlik başlayanda yoluxanların sayı bu səviyyədə olmamışdı. İstər Avropa ölkələrində, istərsə də Amerikada, xüsusilə Braziliyada, Hindistanda yoluxma sayları birmənalı olaraq artmaqdadır. Bütün dünya ictimaiyyəti, dünyanın səhiyyə sistemi də çalışır ki, yoluxmaların sayı həddən artıq olmasın. Azərbaycan da dünyanın bir hissəsidir. Burada da yoluxma saylarının artımına havaların soyuması təsir göstərməlidir. Soyuq hava yuxarı tənəffüs yollarının müdafiə qabiliyyətini azaldır və bu fonda bütün respirator xəstəliklər, tənəffüs yolu infeksiyaları, o cümlədən COVID də aktivləşir, yoluxma sayı artır. Digər səbəb isə vətəndaşlardan, bizdən asılıdır. Təmasların sayının artması, qorunma tədbirlərinə kifayət qədər riayət olunmaması istər-istəməz yoluxma saylarının artmasına gətirib çıxarır.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.

O, həmçinin bildirib: “Yoluxma sayları çox sürətlə artır. Çünki bir nəfər bir neçə nəfəri, onların hərəsi də bir çox insanı yoluxdura bilir ki, bu da böyük silsilə ilə artıma səbəb olur. Bunun qarşısımı almaq üçün lüzumsuz təmaslardan çəkinməliyik. Təmaslar olduğu təqdirdə hökmən qorunma vasitələrindən istifadə olunmalıdır. Bunlar hər kəsin bildiyi maska taxmaq, məsafə gözləmək və əl gigiyenasına əməl etməkdir.

Çox təəssüf ki, bəzi vətəndaşlar maskanı özləri ilə sadəcə "gəzdirirlər". Yəni maskanı ya çənənin altında saxlayırlar, ya da sadəcə ağız nahiyəsini örtürlər. Maskanın bu cür "gəzdirilməsi" hətta yoluxmaya da səbəb ola bilər. Maska həm burun, həm də ağızı, tənəffüs yollarını örtməlidir. İki nəfər həm məsafə saxlayıb, həm də maskadan istifadə edirsə, bu zaman yoluxma ehtimalı 1 faizdən də az olur. Əks halda isə şəxsin biri xəstədirsə, təmaslar əksər hallarda yoluxmaya səbəb ola bilər".

Professor bildirib ki, hazırda torpaqlarımızın işğaldan azad olunması istiqamətində mübarizəmiz, savaşımız davam edir. Hər birimiz tam qələbə gününü səbirsizliklə gözləyirik. Qələbə gününün yaxınlaşmasına koronavirusla mübarizə ilə də töhfə verə bilərik: "Hazırda biz hamımız çalışmalıyıq ki, koronavirusa yoluxanların sayı çox olmasın. Yoluxanların sayı artdıqca ağır xəstələrin sayı çoxalır, nəticədə səhiyyə sistemi, xəstəxanalar yüklənir. Hazırda xəstəxanalar, səhiyyə sistemi müharibədə iştirak edən əsgərlərimiz üçün lazımdır. Bilmək lazımdır ki, qorunma tədbirlərinə, qaydalara əməl etmək sanki vətənpərvərlik hisslərinin bir tərkib hissəsidir. Hər kəs özünü qorusa, yoluxma sayları da, xəstələnmələr də çoxalmaz və biz səhiyyə sistemimizə, son nəticədə isə ordumuza kömək etmiş olarıq".

Onun sözlərinə görə, yoluxma saylarının kəskin artımı soyuq fəsillərlə əlaqəli olsa da, digər tərəfdən buna vətəndaşların psixoloji cəhətdən COVID-i unutmağı da səbəb olub: "Hər birimiz müharibəyə, cəbhədən gələn xoş xəbərlərə kökləndik. Bu da COVID-i psixoloji olaraq ikinci plana keçirdi və qorunma tədbirlərini unutduq. Yoluxma sayları minimuma düşəndə əksər vətəndaşlar qorunma tədbirlərinə riayət edirdilər. Lakin indi marketlərdə, ictimai nəqliyyatda maska taxmayanlara rast gəlmək mümkündür. Bəzən ictimai nəqliyyatda məsafə gözləmək mümkün olmur. Ona görə ictimai nəqliyyatda maska istifadəsi hökmən vacibdir. Düzdür, nəqliyyat sektoru işçiləri, sürücülər bu işə cəlb olunub. Lakin, bu, məcburən olmamalıdır. Hər kəs maska taxmalıdır. İctimai qınaq məsələsi də var. Qoruyucu vasitələrdən istifadə etməyənlərə irad tutulmalıdır.

Hazırda COVID-19 xəstəliyindən sağalanların da sayı çoxdur. Maska taxmayan insanların böyük qrupunu bəlkə də həmin vətəndaşlar təşkil edirlər. Bilməliyik ki, koronavirus infeksiyası özündən sonra davamlı immunitet yaratmır. Təkrar xəstələnmələr mümkündür. Bir neçə məlumat var ki, təkrar xəstələnmələr daha ağır gedişə səbəb olur. Bir çox hallarda isə təkrar xəstələnmələr simptomsuz ola bilər. Çünki orqanizmdə müəyyən immunitet yaranmış olur. Bu zaman həmin şəxs infeksiya mənbəyinə, daşıyıcıya çevrilə bilər. Ona görə də hamı maska taxmalı, qoruyucu tədbirlərə əməl etməlidir".
Bu xəbər oxucular tərəfindən 560 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed