Şrift:
AQTİ laboratoriyaları “Aflatoksin sınağı” üzrə səriştəlilik testində ən yüksək nəticə əldə edib
26.10.2020 [10:30] - Xəbərlər, Sosial
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) tabeliyindəki laboratoriyaların milli və beynəlxalq standartlara uyğun olaraq optimallaşdırlıması və modernləşdirilməsi, müayinə metodlarının validasiyası/verifikasiyası və ölçmə qeyri-müəyyənliyinin hesablanması, diaqnostik qiymətləndirilmənin aparılması məqsədilə həyata keçirilən tədbirlər uğurla davam etdirilir.

AQTİ-dən bildirilib ki, bu istiqamətdə institutun Keyfiyyətə Nəzarət Departamenti tərəfindən İSO/İEC 17025 “Sınaq və kalibrləmə laboratoriyasının səlahiyyətliliyinə ümumi tələblər” adlı beynəlxalq standart çərçivəsində keyfiyyət idarəetmə sisteminin yaradılması və tətbiqi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Laborator xidmətlərin müvafiq milli və beynəlxalq standartlara uyğunluğu qiymətləndirilərək cari il ərzində AQTİ-nin nəzdindəki 3 laboratoriya milli (Milli Referens, Mərkəzi Baytarlıq və Abşeron Regional Sınaq Laboratoriyası) və 1 laboratoriya isə (Abşeron Regional Sınaq Laboratoriyası) beynəlxalq akkreditasiyadan keçirilib.

Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq laboratoriya analizlərinin nəticələri ilə bağlı dəqiqlik göstəricisinin 95 faizə çatdırılması, sınaq nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması məqsədilə AQTİ mütəxəssisləri tərəfindən akkreditasiya sahəsinə uyğun səriştəlilik sınaqlarının plan forması tərtib edilmiş və sınaq laboratoriyalarının beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında mütəmadi olaraq iştirakı təmin edilib.

“Beynəlxalq səriştəlilik test” proqramı laboratoriyaların fəaliyyət istiqamətlərinin dəyərləndirilməsi zamanı milli və ya beynəlxalq qiymətləndirilmə meyarı kimi olduqca böyük əhəmiyyət kəsb edir və laboratoriyaların kalibrləmə, sınaq-analiz nəticələrinin düzgünlüyünün və etibarlılığının obyektiv qiymətləndirilməsini təmin edir. Bu istiqamətdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyaları ABŞ-ın Texas Universitetinin “Aflatoksin sınağı” üzrə təşkil etdiyi “OTSC - Texas A & M AgriLife Araşdırma Aflatoksin Səriştəlilik Test və Nəzarət Proqramı”ndan qəbul edilən səriştəlilik testində ən yüksək nəticə əldə edib.
Bu xəbər oxucular tərəfindən 319 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed