Şrift:
Baş Prokurorluq Ermənistan ordusunun Gəncəyə terror hücumları ilə bağlı altı dildə videoçarxlar hazırlayıb
29.10.2020 [10:29] - Xəbərlər, Hüquq
İşğalçı Ermənistan Respublikası silahlı qüvvələrinin oktyabrın 4-də, 11-də və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Azərbaycanın ikinci böyük şəhəri, qədim tarix və mədəniyyət mərkəzi olan Gəncədə 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilib ki, Ermənistan Azərbaycanın tarixi-mədəni irs mərkəzi olan qədim Gəncə şəhərinə raket zərbələri endirməklə nəinki Azərbaycanı, eyni zamanda, dünya mədəni irsini, ümumbəşəri dəyərləri hədəf aldığını, özünün uzun illərdən bəri sürən vandalizm siyasətini bir daha nümayiş etdirib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti Ermənistan Respublikasının silahlı qüvvələrinin törətdiyi cinayət əməlləri barədə dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə “Ermənistan təcavüzünün qurbanı Gəncə barədə nə bilirsiniz?” adlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici videoçarxlar hazırlayıb.

Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən bütün beynəlxalq qurumlara müraciət ediləcək.
Bu xəbər oxucular tərəfindən 1851 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed