Şrift:
Həkim-pulmonoloq: Sağlamlığımızı qoruyaraq həkimlərə, dövlətimizə, ordumuza kömək etmiş olacağıq
29.10.2020 [11:12] - Gündəm, Sağlıq
Son həftələrdə dünyada, o cümlədən Azərbaycanda COVID-19-la bağlı artım müşahidə olunur. Ümumiyyətlə, havaların soyuması COVID-19-un və digər mövsümi xəstəliklərin aktivləşməsinə şərait yaradır. Çünki havaların soyuması nəticəsində immun sistemi zəifləyir, vətəndaşlar qapalı şəraitdə daha çox vaxt keçirirlər, otaqlar gec-gec havalandırılır ki, bu da həm infeksion xəstəliklərin, həm də hazırda dünyada tüğyan edən SARS-CoV-2-nin artmasına səbəb olur. Yoluxma saylarının artımı gözlənilən olsa da, düşündüyümüzdən də artıq oldu. Burada vətəndaşların məsuliyyətsizliyi də rol oynadı. Mövsümi, xroniki xəstəliklərin aktivləşməsinin üzərinə COVID-19 da gələrsə, bu zaman xəstələrin sayının çox olması ehtimalı daha da artır.

Bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-pulmonoloqu Günay Əliyeva deyib.

Onun sözlərinə görə, hazırda ikiqat məsuliyyətli davranmaq, həmrəy olmaq dövrüdür: “Sağlamlığımızı qoruyaraq həkimlərə, dövlətimizə, ordumuza kömək etmiş olacağıq. İlk gündən bəri koronavirusa yoluxmanın qarşısını almaq üçün mütəxəssislərin dönə-dönə tövsiyə etdiyi qaydalar dəyişilməzdir. Həm özümüz əməl etməliyik, həm də ətrafımızdakıların əməl etməsinə səbəb olmalıyıq. İctimai qınaq yaratmalıyıq. Maska düzgün istifadə olunmalı, əllər su ilə 20 saniyə yuyulmalı, sosial məsafə gözlənilməlidir. İlk simptomlardan sahə həkimlərinə müraciət olunmalıdır. Bununla həm özümüzü qoruyuruq, həm də ordumuza, həkimlərimizə kömək edirik. Kütləvi toplanma məkanlarına, ictimai nəqliyyatdan istifadə edərkən mütləq maska taxılmalıdır, həmin məkanı tərk edəndən, avtobusdan düşəndən sonra imkan varsa, əllər yuyulmalıdır və ya dezinfeksiya olunmalıdır. Maska düzgün taxılmalı, ağız və burun boşluğunu tam tutmalıdır. Onu günlərlə istifadə etmək düzgün deyil, mütləq yenisi ilə əvəzlənməlidir. Maskanı cibdə gəzdirmək, büküb əldə saxlamaq onun qoruyuculuğunu azaldır. Ünsiyyətdə olarkən hər iki tərəfin maskada olması yoluxma ehtimalı cəmi 1 faiz və ondan az olmasına səbəb olur. Bu, böyük rəqəmdir”.

“Hazırda koronavirusa yoluxmuş xəstələrin bir qismi xəstəxanalara daha ağır formada gəlirlər. Bunun bir çox səbəbləri var. Mövsümlə əlaqədar kəskin respirator virus infeksiyaları artdığından və onun COVID-lə ümumi əlamətləri olduğundan bu, vətəndaşları çaşdırır. Onlar əlamətləri hiss etdikdə koronavirus olmadığını düşünür və həmin virus yoluxmadıqlarını əminliklə dilə gətirirlər. Nəticədə xəstəxanaya müraciəti gecikdirirlər. Həmin şəxslər yüngül qrip olduqlarını deyirlər. Baxmayaraq ki, qrip də yetəri qədər ciddi xəstəlikdir, insanlar onu yüngül zökəmlə qarışıq salırlar. Bir xəstəliyin ağırlaşması üçün müəyyən müddət lazımdır. Yoluxduqdan sonra 14 gün xəstəliyin inkubasion, yəni səssiz dövrüdür. 5-7 gün ərzində ilkin əlamətlər ortaya çıxır. İlkin əlamətlər yüngül simptomlardır - baş, əzələ ağrıları, yorğunluqdur. Daha sonra öskürək, temperatur yaranır. Artıq bu əlamətlər vətəndaşları şübhələndirməli və sahə həkiminə müraciət etməlidirlər. Müraciəti gecikdirəndə və orqanizmin immun vəziyyəti onunla bacara bilməyəndə vəziyyət ağırlaşır. Nəticədə pnevmoniya ortaya çıxır, o da ağırlaşarsa, tənəffüs çatışmazlığı yaranır. Tənəffüs çatışmazlığı ciddi bir reanimasion diaqnozdur. Xəstə gec müraciət edəndə onun həyatını xilas etmək daha da çətinləşir, ya uzunmüddətli müalicəyə ehtiyac yaranır, ya da görülən tədbirlər nəticəsiz qalır.

Əhaliyə məsləhət görürəm ki, xəstəliyə yüngül baxmasınlar, ciddi yanaşsınlar, həkim məsləhəti olmadan özbaşına, kimsənin sözü ilə və ya başqa bir xəstənin qəbul etdiyi dərman preparatlarını qəbul etməsinlər. Əlamətlər olduqda onun qrip, zökəm, koronavirus olduğunu həkim müəyyənləşdirməlidir. Bu səbəbdən sahə həkiminə müraciət etmək tövsiyə olunur. Bu zaman həmin şəxs nəzarətə götürülür, əgər vəziyyəti xəstəxanaya yerləşdirilməyi tələb edirsə, tibb müəssisəsinə yerləşdirilir. Bununla yanaşı, hər kəsə karantin rejiminin qaydalarına əməl etməyi, tövsiyələrə məsuliyyətlə yanaşmağı məsləhət görürəm”, - deyə G.Əliyeva bildirib.
Bu xəbər oxucular tərəfindən 547 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed