Şrift:
MDH-nin Şuşanın azadlığı və Bayraq Günü münasibəti ilə təbriki
09.11.2020 [13:39] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyası Şuşa şəhərinin azad edilməsi və Bayraq Günü münasibətləri ilə xalqı təbrik edib. Təbrikdə deyilir:
“Əziz xalqımız!
Hər birinizi 28 il düşmən işğalı altında qalmış Şuşa şəhərinin müzəffər Azərbaycan ordusu tərəfindən azad edilməsi münasibəti ilə təbrik edirik! Bu qüruru bizə yaşadan Azərbaycan ordusuna və Ali Baş Komandana sonsuz təşəkkürlərimizi bildiririk!
Uzun həsrətdən sonra Azərbaycanın mədəniyyət beşiklərindən olan Şuşaya qayıtmağımız xalqımız üçün mənəvi dəyər, qürur tarixi deməkdir. Düzdür, Azərbaycan Respublikasının hələ işğaldan azad edilməmiş xeyli əraziləri vardır. Lakin, Şuşanın fəthi düşmən üzərində psixoloji qələbənin təminatı anlamına gəlir. Müharibə güclərdən çox, mənəvi psixoloji qətiyyətlərin savaşı olduğu üçün, onsuz da Qarabağ uğrunda vahid orduya çevrilmiş Azərbaaycan xalqı qarşısında məğlubiyyətin qaçılmaz olduğunu anlayan işğalçının bu qələbəmizdən sonra daha da sarsılacağı şübhədizdir. Elə buna görədir ki, artıq işğal altındakı ərazilərimizdən düşmənin kütləvi qaçışı Ermənistana gedən yolda tıxacın yaranmasına səbəb olub. Bu qələbə həm də torpaqlarımızın azad edilməsini daha da sürətləndirdi qənaətinə gəlmək olar. Bir daha ən qısa zamanda bütün ərazilərimizdə müqəddəs bayrağımızın dalğalanacağına əminliyimizi ifadə edirik.
Bu gün Azərbaycan xalqı həm də Bayraq Gününü qeyd edir. Bu gün yenidən Şuşada və digər azad edilmiş torpaqlarımızda dalğalanmağa başlayan 102 yaşlı Azərbaycan Bayrağı daha da əzəmətlidir. Cənab Ali Baş Komandanın söz verdiyi kimi, Şuşada ucaldılan bayrağımızın paytaxtın Azadlıq meydanında keçiriləcək Qələbə Paradının önündə dalğalandığını görmək qürurunu yaşamaq diləyi ilə xalqımızı bu əzəmətli Bayraq Günü münasibəti ilə də təbrik edirik!
Bu Bayraq, bu Torpaq, bu Vətən uğrunda həyatını qurban vermiş bütün Şəhidlərimizin ruhu qarşıdında baş əyir, xəsarət alanlara Allahdan şəfa diləyirik.
Böyük Qələbə Gününün çox yaxında olduğuna əminik!
Qarabağ Azərbaycandır!”
Bu xəbər oxucular tərəfindən 675 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed