Şrift:
“Müharibədə üçüncü tərəfin olmasına Türkiyə laqeyd qalmayacaq”
09.11.2020 [15:56] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Amma indiki halda döyüş meydanında bir nəfər də türk hərbçisi yoxdur. Buna nə ehtiyac var?!”

“Biz ordumuzun cəmi 30 faizilə işğalçını məğlub etmişik. Həm də diplomatik, mənəvi dəstək daha vacibdir”

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 2-də İtaliyanın “La Republica” qəzetinə müsahibə verib. Dövlət başçısı jurnalistin suallarına cavab verərkən bir neçə mühüm məqama toxunub. Qardaş Türkiyənin dəstəyindən danışan prezident bunun yalnız mənəvi və siyasi istiqamətdə olduğunu vurğulayıb:

“Bu dəstək lap əvvəldən, sentyabrın 27-də başlayan toqquşmaların ilk saatlarından gəldi. Türkiyə Prezidenti çox aydın bəyanatla çıxış etdi ki, Türkiyə Azərbaycanın yanındadır və bu, siyasi və mənəvi dəstəyin çox mühüm göstəricisi idi. Mən dəfələrlə o fakta diqqət çəkmişəm ki, bu, yalnız siyasi və mənəvi dəstəkdir, lakin bu, kifayət idi. Çünki Türkiyə kimi güclü ölkə bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə bəyan edəndə, həm də bütün dünyaya mesaj göndərir ki, Azərbaycan doğru işi görür. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir, Azərbaycan öz ərazisində döyüşür, biz təcavüzkar deyilik, biz başqa ölkələrə hücum etmirik. Ona görə də, toqquşmaların ilk saatlarında başlayan və indiyədək davam edən bu siyasi dəstək münaqişənin həlli üçün mühüm əhəmiyyət kəsb edir”.

Qardaş ölkənin Azərbaycana sözügedən dəstəyi bütün dünya ölkələrini bir daha görk, örnək oldu.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bu qardaşlıq dəstəyinə dair fikirlərini “Sherg.az”la bölüşüb:

“Dünya dövlətləri tədricən Azərbaycanın mövqeyini başa düşməyə başlayıb. Ukrayna, Gürcüstan, Pakistan, Moldova ilk günlərdən etibarən haqq səsimizi eşitdilər. Amma, əlbəttə, Türkiyənin dəstəyini fərqləndirmək lazımdır. Səslənən bəyanatlar, verilən açıqlamalar Azərbaycanın meydanda tək qalmaması ilə nəticələndi.

Bu mənəvi və diplomatik dəstək olmasa, bəlkə də, bizə ciddi təzyiqlər göstərilərdi. Ermənistan ilk günlərdən etibarən müharibəyə üçüncü tərəfi çəkmək istəyirdi. Lakin biz sülhə məcburetmə əməliyyatı apardığımızı göstərdik. Bildirdik ki, müharibədə üçüncü bir tərəfin olmasına Türkiyə laqeyd yanaşmayacaq.

Amma indiki halda döyüş meydanında bir nəfər də türk hərbçisi yoxdur. Buna nə ehtiyac var? Biz ordumuzun cəmi 30 faizilə işğalçını məğlub etmişik. Həm də diplomatik, mənəvi dəstək daha vacibdir.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, həmçinin nazirlər- Çavuşoğlunun, Akarın həmkarları ilə danışıqları müdaxilə etməyə bəhanə axtaranların qarşısını kəsdi. Biz Çanaqqalada, onlar Bakıda şəhid veriblər. Bizim dostluğumuz, qardaşlığımız daimi olacaq.

Öz növbəmizdə həmişə Türkiyəyə dəstək olmağa hazırıq”.

Kənan Novruzov/sherg.az
Bu xəbər oxucular tərəfindən 601 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed