Şrift:
Müzəffər Ali Baş Komandan, Siz Qalibsiniz!
10.11.2020 [09:56] - Xəbərlər, Sosial
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlayan Vətən müharibəsi şanlı qələbə ilə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.

Bu sözləri açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.

O qeyd edib ki, noyabrın 8-də Qarabağın ürəyi Şuşa şəhəri işğaldan azad edildi. Nəinki hərbi ekspertlərin, elə ermənilərin özlərinin də dediyi kimi, “kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir”. Şuşanın alınması ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Buna Ali Baş Komandan İlham Əliyev nail oldu.

Şəbnəm Həsənova bildirib ki, dünya hərb tarixində də bu təcrübə mövcuddur. Ağır itkilərə məruz qalmış tərəf məğlub hesab olunur və hərbi əməliyyatlar dayandırılır. Bu dəfə döyüşən tərəflərdən biri - Ermənistan öz müqaviməti dayandıraraq, Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətin qaçılmaz olduğunu dərk edən Ermənistan rəhbərliyi Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi. Haqqında bəhs olunan birgə bəyanatda Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdakı 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Beləliklə, baza prinsiplərinin hər iki mərhələsi yerinə yetirilir. Bu, haqqın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir.

Bu proses çərçivəsində önəmli məqamlardan biri də Naxçıvanın blokadadan çıxmasıdır. Rusiya tərəfi Ermənistan ərazisindən Naxçıvana dəhlizin açılmasını öz üzərinə götürür.

Onun sözlərinə görə, Azərbaycan hərb tarixinə yeni bir strategiya tətbiq etdi. Ən müasir silahlardan istifadə etməklə, minimal itkilər verərək qısa zaman kəsiyində düşmənin bütün hərbi texnikasını yerlə bir etdi. Azərbaycanın müzəffər Ordusunun yüksək peşəkarlıqla, əzmlə, qətiyyətlə apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında əsaslı dəyişikliklərə səbəb olacaq. Ən əsası isə yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın azad edilməsi əməliyyatı Azərbaycanın hərb tarixinin ən parlaq, ən möhtəşəm səhifəsidir.

“Azərbaycan tarixinə bu parlaq səhifələri yazmaq heç də asan olmadı. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq məqsədilə Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Bütün bunlara baxmayaraq, Prezident İlham Əliyev yüksək diplomatik peşəkarlıq, əzmkarlıq, qəti siyasi iradə nümayiş etdirərək, bütün təzyiqlərə mərd-mərdanə sinə gərərək onların hamısını dəf etdi, öz prinsipial mövqeyindən bir an belə dönmədi. Xalqımız öz liderinin bu qətiyyətini hamılıqla dəstəklədi. Bizim birliyimizin təntənəsi olan bu şanlı qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bu zəfərin təminatçısı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. Yaşasın Xalq-Prezident birliyi! Qarabağ Azərbaycandır!”, - deyə Ş.Həsənova vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 435 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed