Şrift:
Qırğızıstan portalında Qarabağın tanınmış şəxsiyyətləri haqqında məqalə yerləşdirilib
11.11.2020 [10:23] - Gündəm, Mədəniyyət
Qırğızıstanın “turktoday.info” portalında Azərbaycan mədəniyyəti, Qarabağın tanınmış şəxsiyyətləri haqqında bakılı jurnalist Vyaçeslav Sapunovun rus dilində “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” adlı böyük məqaləsi çap edilib.

Məqalədə Şuşada yaşayan tanınmış adamlar, o cümlədən Hacıbəylilər nəsli haqqında məlumat verilir.

Yazıda böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov, qardaşı Zülfüqar Hacıbəyli, Zülfüqar Hacıbəylinin oğlu, tanınmış bəstəkar və dirijor Niiyazi, bəstəkar Soltan Hacıbəylinin musiqi sahəsinə verdikləri töhfələr haqqında söhbət açılır.

Materialda Bədəlbəylilər nəslinin tanınmış nümayəndələri-opera müğənnisi Əhmədbəy Bədəlbəyli (Əhməd Ağdamski), onun qardaşı, aktyor və müəllim Bədəlbəy Bədəlbəyli, Bədəlbəyin böyük oğlu, bəstəkar Əfrasiyab Bədəlbəyli, kiçik oğlu Şəmsi Bədəlbəyli, ifaçı və bəstəkar Fərhad Bədəlbəyli haqqında da məlumat verilir.

Qeyd olunur ki, əfsanəvi Bülbül, Polad Bülbüloğlu, Şuşada doğulan tanınmış bəstəkar Əşrəf Abbasov, onun oğlu, bəstəkar Cəlal Abbasov da Qarabağın yetirmələridir.

Məqalədə tanınmış xanəndələr Sürəyya Qacar, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Bülbülcan, Hacı Hüsü, Seyid Şuşinski, Sadıqcan, Zülfü Adıgözəlov, bəstəkar Vasif Adıgözəlov, dirijor Yalçın Adıgözəlov, xanəndə Əbülfət Əliyev, onların musiqi sahəsindəki xidmətlərindən danışılır.

Yazıda tanınmış xanəndə Məcid Behbudov, Rəşid Behbudov, teatr rejissoru Ənvər Behbudov, həmçinin xalçaçı rəssam Lətif Kərimov haqqında da söhbət açılır.

Şuşada doğulan yazıçı və şairlərdən Xurşudbanu Natəvan, Mir Möhsün Nəvvab, Firudin bəy Köçərli, Qasım bəy Zakir, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli və digər tanınmış adamlar haqqında da məlumat verilir.
Bu xəbər oxucular tərəfindən 322 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed