Şrift:
Azərbaycanın Vətən müharibəsindəki şanlı Qələbəsi Malayziyanın paytaxtında da qeyd olunur
12.11.2020 [10:29] - Gündəm, Sosial
Müzəffər Azərbaycan Ordusunun Dağlıq Qarabağda noyabrın 10-da elan olunmuş qələbəsi ölkəmizin Malayziyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə paytaxt Kuala Lumpurda da xüsusi sevinc hissi ilə qeyd olunur

Məşhur “Petronas” şirkətinin əkiz qüllələrinin yerləşdiyi şəhər meydanındakı nəhəng billbordda dalğalanan Azərbaycan bayrağı və milli bayrağımızın fonundakı şüarlar yerli sakinlərin və şəhərin qonaqlarının geniş marağına səbəb olub. “Azərbaycan – Qafqazın məğrur ölkəsi”, “Azərbaycan – dostluq və mədəni müxtəliflik diyarı” və “Azərbaycan – hər zaman sülh və ədaləti dəstəkləyir” şüarları xalqımızın zəfər sevincini və əsrlərdən bəri davam edən oxşarsız nəcibliyini Kuala Lumpur metropolunda növbəti dəfə nümayiş etdirib.

Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev bu əlamətdar hadisə ilə bağlı bildirib ki, işğal altındakı torpaqlarımızın azad olunması uğurunda apardığımız haqlı mübarizədə əldə etdiyimiz qələbə sevincini malayziyalı qardaş və bacılarımızla bölüşməyimiz təsadüfi deyil. Səfir deyib: “Malayziya hökuməti və xalqı hər zaman Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verib və bu siyasətini bu gün də davam etdirir. Biz dost və qardaş Malayziya xalqının belə qətiyyətli mövqeyini hər zaman alqışlayırıq. Təkcə son iki faktı xatırlatmaq istərdim ki, cari il sentyabrın 27-də Ermənistanın hərbi qüvvələri ölkəmizə qarşı növbəti təcavüzkarlıq aktına başlayandan dərhal sonra Malayziyanın Xarici İşlər Nazirliyi ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə edən bəyanat yayıb. Həmçinin, oktyabrın 1-də Malayziya parlamentində Malayziya-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən Ermənistanın ölkəmizə qarşı hərbi təxribatını kəskin şəkildə pisləyən bəyanat yayılıb. Bu baxımdan, biz də öz növbəmizdə bu gün Vətən müharibəsində əldə etdiyimiz qələbə sevincini Malayziyanın füsunkar paytaxtı Kuala Lumpurda böyük həyəcan və qürur hissi ilə qeyd edirik”.
Bu xəbər oxucular tərəfindən 284 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed