Şrift:
İlham Əliyevin tənqidindən sonra: bp-nin Bakı ofisi görülən işlər haqda məlumat yayıb
17.11.2012 [12:47] - İqtisadiyyat
BP-nin Bakı ofisinin mətbuat xidmətindən press-reliz yayılıb. Press-relizdə deyilir ki, bp ilə Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) arasında neft hasilatının idarə olunması üzrə aparılan müzakirələrin davamı olaraq bp Azəri-Çıraq-Günəşli yatağının istismarla bağlı fəaliyyətinə dərindən baxış keçirilməsini başa çatdırıb: “bp-nin hasilatın idarə olunması sahəsində qlobal funksional rəhbərliyinin bir qrup nümayəndəsi tərəfindən aparılmış bu araşdırma keçən həftə şirkətin Bakıda səfərdə olan layların geologiyası üzrə bölümünün rəhbəri İan Kavananın başçılığı ilə həyata keçirilib.

Baxışda məqsəd 2013-cü il üçün hasilatın əldə olunması planlarını təhlil etmək və bununla bağlı yataqda qarşıya çıxan texniki məsələlərə cavab vermək üçün imkanları müəyyənləşdirməkdən ibarət idi”.

Press-relizdə İan Kavananın dedikləri də əksini tapıb. O, deyib: “bp-nin Şimal dənizindəki və Anqoladakı layların geologiyası üzrə əməliyyat mütəxəssisləri də daxil olmaqla seçilmiş ekspertlərin həyata keçirdiyi bu baxış vacib məsələləri çözmək üçün tədbirləri müəyyənləşdirmək məqsədi daşıyırdı. Bunlar elə məsələlərdir ki, bizim fikrimizcə, onlar 2013 və ondan sonrakı illərin hasilatının əsaslandırılması üçün vacibdir. Biz birlikdə plan hazırlamış və laylardakı təzyiq və hasilatın enməsinin idarə olunması, quyuların idarə olunması və sistemin optimallaşdırılması, həmçinin quma nəzarət sahəsində qlobal texnoloji təcrübənin tətbiqi üzrə tədbirlər razılaşdırmışıq.

Bütövlükdə bu səfər və növbəti tədbirlərin müəyyənləşdirilməsi bp-nin ən yaxşı təcrübə, texnologiya və səriştəsinin Azəri-Çıraq-Günəşli yatağında hasilatla bağlı mürəkkəbliklərin çözülməsinə tətbiqinin təmin edilməsi işlərinin bir hissəsidir. Biz hazırlanmaqda olan planların həyata keçirilməsinə dəstək olaraq bundan sonra da buradakı mütəxəssis heyətimizə kömək etmək üçün dünyanın digər yerlərindən ekspertlərimizi Bakıya gətirməkdə davam edəcəyik.”

Bakı ofisindən “Media forum”a onu da bildiriblər ki, bp layların geologiyası sahəsində ixtisaslaşmış və Azərbaycandakı heyətə dəstək məqsədilə xüsusi olaraq seçilmiş 12 mütəxəssisini Bakıya gətirməyi planlaşdırır: “Bu mütəxəssislərə bp-nin Sanberi (İngiltərə) və Hyustondakı (ABŞ) qlobal texnologiya təşkilatından tam dəstək veriləcək”.

Bu il oktyabrın 10-da prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bp-ni ittiham edib: “Azərbaycanda neftin hasilatı ilə Azərbaycan Dövlət Neft Şirkəti məşğuldur və 1994-cü ildə “Azəri”, “Çıraq” yataqları üzrə bağlanmış kontrakt əsasında beynəlxalq konsorsium - Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradılıb, operator məhz Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti idi. Ondan sonrakı mərhələlərdə o konsorsiuma daxil olan şirkətlər arasında birləşmə prosesi getdiyi üçün operator funksiyaları bp şirkətinə həvalə edilib. Konsorsium tərəfindən buraxılan kobud səhvlər ucbatından son illər ərzində “Azəri”, “Çıraq” yataqlarında neft hasilatı kəskin şəkildə aşağı düşməyə başlayıb.

Gözlənilməyən bu tənəzzül sırf “Azəri”, “Çıraq” yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən bp şirkətinin kobud səhvləri nəticəsində mümkün olub. Bizə verilən səhv proqnozlar qəbuledilməzdir. Dövlət Neft Şirkətinə verilən yalan vədlər qəbuledilməzdir. Artıq Dövlət Neft Şirkətinə tapşırıq verilib ki, bu məsələ rəsmi qaydada qaldırılsın və lazımi tədbirlər görülsün. Öz vəzifə borcunu, kontrakt şərtlərini yerinə yetirə bilməyən investorlar gərək, nəticə çıxarsınlar, ciddi ölçülər, tədbirlər görülməlidir və görüləcək”.
Bu xəbər oxucular tərəfindən 1701 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed