Şrift:
Qazaxıstanın arxitektor və mühəndisləri Azərbaycana dəstək göstərməyə hazırdırlar
18.11.2020 [10:28] - Xəbərlər, Türk dünyası-Turan
Qazaxıstanın quruculuğunda xüsusi xidmərtləri ilə seçilən arxitektor və mühəndislər Qarabağda aparılacaq quruculuq işlərində birlik və dəstək göstərmək niyyətindədirlər.

Türk dünyası arxitektor və mühəndislər beynəlxalq birliyinin rəhbər və nümayəndələri ilə Azərbaycanın Qazaxıstandakı səfirliyində görüş keçirilib.

Görüşdə ölkəmizin Qazaxıstandakı səfiri Rəşad Məmmədov işğalçı Ermənistanın ölkəmizə qarşı törətdiyi təxribatlar, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbə barədə geniş məlumat verib. Erməni silahlı qüvvələrinin döyüş meydanında müzəffər ordumuzla döyüşmək əvəzinə, Azərbaycanın mülki əhalisini hədəfə almasını, 27 sentyabrdan başlayan hücumların nəticəsində bu günə qədər 91 nəfər mülki vətəndaşımızın həlak olduğunu, 400-dən çox vətəndaşımızın xəsarət aldığını diqqətə çatdırıb. Dağıdılan infrastruktur, yandırılan mülki obyektlər və fərdi yaşayış evləri, ölkəmizin flora və faunasına dəyən külli miqdarda ziyan barədə danışıb. Ölən və yaralananların içərisində çoxlu sayda uşaq, qoca və qadınların olmasına, raket zərbələrinin cəbhə xəttindən kilometrlərlə kənarda yerləşən yaşayış məntəqələrinə, Gəncə və Bərdə şəhərlərinə tuşlanmasına xüsusilə diqqət çəkib. Qeyd edilib ki, hücumlar zamanı Ermənistan qadağan olunmuş silahlardan istifadə edib.

Səfir ikitərəfli müstəvidə uğurla inkişaf etməkdə olan dostluq münasibətləri çərçivəsində uğurlu əməkdaşlıqdan söhbət açıb.

Görüşdə Mərkəzi Asiya üzrə Türk dünyası arxitektor və mühəndislər beynəlxalq birliyinin sədri Saqındıq Djambulatov, Türk dünyası arxitektor və mühəndislər beynəlxalq birliyinin Qazax Akademiyasının prezidenti, Türküstan və Atrau şəhərlərinin keçmiş Baş arxitektoru Samatbek Bakebay, əməkdar arxitektor Aliaskar Kehetayev, Astana yeni administrativ mərkəzin müəllifi Nurmuxan Tokayev və digərləri iştirak ediblər.

Qazaxıstanlı qonaqlar Azərbaycanın öz haqq savaşında qələbə qazanması münasibətilə təbriklərini çatdırıblar, Böyük Qələbədə qardaş qazax xalqının Azərbaycanın yanında olduğunu, dəstək göstərəcəklərini bildiriblər.

Görüşdə qonaqlar iki qardaş xalqın tarixi köklərlə bağlı olması, hər zaman olduğu kimi bundan sonra da əməkdaşlığın daha da möhkəmlənməsi istiqəmətində kömək göstərəcəklərini, Qarabağın yenidən qurulması işlərində Azərbaycana öz yardım və dəstəklərini əsrgəməyəcəklərini qeyd ediblər.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 694 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed