Şrift:
Urmu həbsxanasında baş verən üsyanda 15 məhbus ağır yaralanıb
27.11.2020 [10:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yerli qaynaqlar bildirir ki, çevik polis qüvvələri tərəfindən döyülən və ağır yaralanan ən azı 15 məhkum müalicə üçün həbsxanadan kənar tibb müəssisələrinə aparılıb .



Məlumata görə, hadisə ilə bağlı xəbərlərin yayılmasının qarşısını almaq üçün Urmu mərkəzi həbsxanasının ümumi telefonları həbsxana rəhbərliyi tərəfindən kəsilib.



Xatırladaq ki, noyabrın 25-də, həbsxanada qanunsuzluqlara və həbs müddətinin başa çatmasına rəğmən sərbəst buraxılmamasına etiraz edən “Höccət kazim Nəjad” adlı məhkum özünü yandırmışdı. Həbsxana məmurları ağır yanıq xəsarətləri alan məhbusu başqa məhbusların gözü qarşısında döymüşdülər.



Bundan hiddətlənən məhbuslar həbsxanada üsyan qaldırıb qapı-pencərələri, yataqları və digər əşyaları yandırmışdılar. Üsyanı yatırmaq üçün həbsxanaya xüsusi qüvvələrin yeridilməsi, məhbuslarla onlar arasında baş verən qarşıdurma həbsxananın daha çox məhbus saxlanılan 1,2,3 və 4-cü bölmələrində daha şiddətli olmuşdur.



Adı çəkilən məhbusun adi məişət məsələsi, kütləvi davada iştirak etdiyi üçün bir il həbs cəzasına məhkum olunduğu deyilir.

Xatırladaq ki, Güney Azərbaycanın Urmu şəhərinin həbsxanası ağır durumuna, məhbuslara qarşı amansız davranışlara görə dəfələrlə insan haqları təşkilatlarının "qara siyahısı"na düşüb.
Bu xəbər oxucular tərəfindən 661 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed