Şrift:
Türk əsgəri gələn ay Qarabağda olacaq
27.11.2020 [16:30] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Kimin harada olmasını Azərbaycan özü müəyyən edir”

Noyabrın 25-də Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısında Azərbaycanla bağlı müzakirə keçirilib. 4 saat yarım davam edən toplantıdan sonra yayılan açıqlamada bildirilib ki, 8 bənd üzrə müzakirə olunan məsələlər arasında Qarabağla bağlı son hadisələrə də yer verilib: “Bu çərçivədə imzalanan atəşkəs razılaşmasının həyata keçirilməsi, Azərbaycanın ərazi bütövlüyünün tamamilə bərpası, Cənubi Qafqazda , geopolitik vəziyyət, daimi sülhə nail olunması məsələlərində Türkiyənin rolu barədə geniş müzakirələr aparılıb”.

Bu toplantının ardından türk ordusunun nə zaman Azərbaycana gələcəyi ilə bağlı müzakirələr daha da qızışıb. Tarixi gəlişin dekabrın ilk ongünlüyündə reallaşacağı bildirilir. Artıq bu istiqamətdə bəzi müəmmalar aradan qalxmağa başlayıb. Mehmetcik Şuşada, Laçında və Kəlbəcərdə yerləşəcək. Nə qədər gülməli görünsə də, ermənilər tarixdən çıxış edərək türkiyəli hərbçilərin Dağlıq Qarabağın daxilində yerləşməsindən qorxurlar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasındakı telefon danışığından sonra qardaş ölkə bu vəziyyəti anlayıb. Məhz bu səbəbdən türk əsgərləri təkcə Şuşada deyil, Kəlbəcər və Laçında da yerləşəcək.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev hesab edir ki, ermənilər mövcud vəziyyətlə razı deyillərsə, yaşamaq üçün Qarabağa gəlməsinlər: “Ermənilər nədənsə qorxa bilərlər. Biz dövlət siyasətimizi düşmənin duyğuları üzərində qurmuruq. Azərbaycanın maraqları var və hər kəs də proseslərin ölkəmiz daxilində getdiyini, bunun daxili işimiz olduğunu ifadə edir, qəbullanır. Hətta Rusiya bunu dəfələrlə bildirdi. Türkiyənin burada iştirakı ilə bağlı da mövqeyi olub ki, müttəfiqlərini Azərbaycanın özü seçir. Azərbaycan ərazisində kimin harada olmasını Azərbaycan özü müəyyən edir. Biz ilkin mərhələdə mehmetciklərin Şuşa, Laçın və Kəlbəcərdə yerləşəcəkləri barədə məlumatlar alırıq. Bu birinci mərhələdir. Sonrakı mərhələdə Azərbaycan istədiyi yerdə türk ordusunun fəaliyyətini müəyyənləşdirə bilər. Ermənilər istəsələr də istəməsələr də, mülki idarəetməni biz edəcəyik. Bunu vasitəçilər, sülhməramlı qüvvələr etməyəcək.

Buna əmin olmasınlar. Azərbaycan Konstitusiyasına əməl edib burada yaşayacaqlarını nəzərə alıb, unutmasınlar ki, burada Azərbaycan Ordusu da olacaq. Bu başqa məsələdir ki, erməni əsilli azərbaycanlılar orduya çağırılanda Silahlı Qüvvələrimizdə xidmət edəcəklər, təbii ki, onlar burada yaşasalar. Gələcəkdə türk ordusu ilə ortaq ordu yaradılacaqsa, onlar da burada olacaqlar. Günü sabah türk hərbçiləri sülhməramlı şəklində Xankəndində yerləşə bilər. Bu onları qane etmirsə, gəlməyə bilərlər. Əmin olsunlar ki, Azərbaycan və türk əsgəri onlara toxunmayacaq. Təbii ki, Dövlət Təhlükəsizlik Xidməti onların əvvəlki fəaliyyətlərini araşdıracaq. Onların nazı ilə oynanılmayacaq. İdarəetmə hamı üçün necə olacaqsa, onlar üçün də elə olacaq. Türk ordusunun indi nəzərdə tutulan yerlərdə yerləşməsi normal olacaq. Sülhməramlı missiya olaraq, Rusiya burada nə edəcəksə, Türkiyə də onları edəcək. Bütün bunları ermənilər bilməlidir. Ağılları əvvəlki illərə getməsin”.

Cavanşir ABBASLI/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 797 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed