Şrift:
“Ayın fermeri” müsabiqəsinin qalibi müəyyənləşib
30.11.2020 [10:45] - Gündəm, İqtisadiyyat
Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında elan edilən “Ayın fermeri” müsabiqəsinin qalibi müəyyənləşib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, müsabiqədə iştirak üçün 40 rayondan ümumilikdə 56 fermer müraciət edib. Müsabiqənin iki mərhələsi üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndirilib.

Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində qarğıdalı sahəsində yüksək məhsuldarlıq əldə etdiyinə görə fermer Zaur Əhmədiyev “Ayın fermeri” müsabiqəsinin qalibi elan edilib. Balakən rayonunda fermer təsərrüfatı quran Zaur Əhmədiyev düzgün aqrotexniki qulluq nəticəsində 35 hektar qarğıdalı sahəsindən 308 ton dənlik qarğıdalı istehsal edib. Rayonda ilk dəfə qarğıdalı sahəsində damlama üsulu ilə suvarma sistemini quran fermerin qarğıdalı sahəsində orta məhsuldarlıq 88 sentner təşkil edib. O, ötən il 175 hektar sahədən 460 ton taxıl əldə edib. 2019-cu ildə 20 hektar sahədə intensiv bağ salan Zaur Əhmədiyev heyvandarlıq sahəsində də fəaliyyət göstərir və hazırda təsərrüfatında 298 baş iribuynuzlu heyvan var.

Qeyd edək ki, “Ayın fermeri” müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

Xatırladaq ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.
Bu xəbər oxucular tərəfindən 427 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed