Şrift:
Fərəc Quliyev: Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyib
03.12.2020 [00:07] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“30 ilə yaxındır bizi inandırmağa çalışırdılar ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Amma Azərbaycan sübut etdi ki, döyüş meydanında öz ərazi bütövlüyünü təmin etməyə qadirdir. Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyib”.

Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

Partiya sədrinin sözlərinə görə, Azərbaycanın bu gün Vətən müharibəsində qələbə əldə etməsi, işğalçı Ermənistanı sülhə məcbur etməsi düşmənin xaricdəki bəzi havadarlarını narahat edib: “Halbuki təcavüzkardan fərqli olaraq, Azərbaycan beynəlxalq hüququn bütün norma və prinsiplərini əsas götürərək öz ərazi bütövlüyünü bərpa edib. 30 ildir, ATƏT-in Minsk qrupunun üzvü, uzun illər bu qrupun həmsədri kimi fəaliyyət göstərən Fransa Dağlıq Qarabağ münaqişəsinin həllinə yox, daha çox onun dondurulmasına çalışıb. Belə olmasaydı, Fransa Senatı bu gün baş verənlərə fərqli yanaşma nümayiş etdirərdi. Çünki Azərbaycan faktiki olaraq BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini icra edib. Əslində, bu qətnamələrinin icrası BMT TŞ-nin üzvü olan Fransa və digər dövlətlərin işi idi. Artıq Azərbaycan öz siyasəti ilə yeni reallıqlar yaradıb. Hesab edirəm ki, bu cür qərəzli münasibət Azərbaycanın haqq yolunda heç bir maneəyə çevrilməyəcək. Fransa Senatının qəbul etdiyi qətnamə isə kağız parçasından başqa bir şey deyil”.

Qaşqay ZİYƏDDİNOĞLU
Bu xəbər oxucular tərəfindən 523 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed