Şrift:
Laçın ziyalısı: 28 illik həsrətə son qoyan zəfər müjdəsinin sevincini yaşayırıq
03.12.2020 [11:26] - Gündəm, Hərb
Uzun illər işğal altında qalan torpaqlarımız Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində azad edildi. Biz laçınlılar dekabrın 1-dən Müzəffər Ali Baş Komandanın doğma Laçınımızın 28 illik həsrətinə son qoyan zəfər müjdəsinin sevincini yaşayırıq.

Bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini Xaliq Musayev deyib.

Laçın rayonunun işğaldan azad olunmasını tarixi hadisə kimi qiymətləndirən X.Musayev deyib: “Laçın Azərbaycanın ən böyük strateji əhəmiyyətə malik rayonlarındandır. Müzəffər Ali Baş Komandanın həm müharibə meydanında, həm də diplomatik müstəvidə göstərdiyi qətiyyət və qazanılmış uğurlar həmin ərazilərin Ermənistan tərəfindən qeyd-şərtsiz işğaldan azad edilməsini təmin etdi. Laçının azad olunması ilə Azərbaycanın ərazi bütövlüyü də təmin edildi".

Xaliq Musayev bildirib ki, Laçın zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik rayondur. Rayon ərazisi, həmçinin tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Prezident İlham Əliyevin dediyi kimi, "Laçın rayonunun zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri bizim milli sərvətimizdir. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaqdır".

X.Musayev Laçın rayonunun işğalından 28 il ötməsinə baxmayaraq, laçınlıların bir gün də olsun doğma yurdlarını unutmadıqlarını, bu illər ərzində ata-baba torpaqlarına qayıtmaq ümidi ilə yaşadıqlarını bildirib: "Laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisində geniş tikinti-abadlıq işləri aparılıb, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb, müasir qəsəbələr inşa edilib. Bütün bunlara baxmayaraq, hər zaman laçınlıların ən böyük arzusu doğma yurdlarına qayıtmaq olub. Artıq Prezidentimizin və ordumuzun sayəsində bu arzumuz reallaşır. Yurd həsrətimiz başa çatır. Bu sevinci bizə yaşatdığına görə Prezidentimizə minnətdarlığımı bildirirəm".
Bu xəbər oxucular tərəfindən 503 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed