Şrift:
Professor Əlizamin Sadıqov: Ən yüksək immunitet reanimasiyada müalicə alan və ölümdən qayıdanlarda yaranır
03.12.2020 [11:51] - Gündəm, Sağlıq
Yeni növ koronavirusa (COVID-19) yoluxanların statistikasına nəzər yetirmək vəziyyətin hansı həddə olduğunu təsəvvür etmək üçün kifayətdir. Həkim və mütəxəssislərin bu sahədə məsləhət və tövsiyələri sağlamlıq üçün böyük təhlükə mənbəyinə çevrilmiş infeksiyaya qarşı mübarizədə çox dəyərlidir.

Tibb elmləri doktoru, professor Əlizamin Sadıqovun fikrincə, koronavirusa qarşı mübarizədə ən yaxşı yol peyvənd aparılmasıdır: “Qripə qarşı peyvənd olunmaq COVID-lə mübarizədə 35 faizə qədər ağır xəstəliyi azaldır, çünki qripə qarşı yaranan spesifik immunitetdən başqa qeyri-spesifik immunitet sahəsi də var. Uşaqlarda peyvənd aparıldığına görə onların arasında infeksiyaya ən az yoluxma faizi olur. Bu gün xəstəliyi asimptomatik və yüngül keçirənlər bir ay, iki ay sonra yenidən yoluxmağa risklidirlər, çünki yaranan immunitet faizi çox aşağı olur. Ən yüksək immunitet reanimasiyada müalicə alan və ölümdən qayıdanlarda yaranır. İnfeksiyanın bir tərəfdən ölüm riski varsa, digər tərəfdən immunitet sistemini məşq etdirmək və yüksək immunitet yaratmaq riski var.

Hazırda xəstələrin vəziyyətinin ağırlaşması və ölümü daha çox dərman aqresiyası ilə əlaqədardır. Yüksək dozada S vitamininin xəstəyə vurulması onun həyatını risk altında qoyur. Yaxud heç bir simptomu olmayan xəstəyə yoluxmanın lap əvvəlində yüksək dozada “Deksometozon” və ya digər preparat vurulması onun ölümünə səbəb olmasa da, sağalmasını bəlkə bir ayadək uzadır”.

Professor virusun mutasiyaya uğraması barədə bunları deyib: “May-iyun aylarında dünyada COVID-dən ölüm 6 faiz təşkil edirdi, bu gün 3 faizə yaxınlaşıb. Bunun səbəbini virusun mutasiyaya uğraması ilə izah etməyi düşünmürəm. Məsələn, Azərbaycanda olan göstəricilər may-iyun ayları ilə müqayisədə bəlkə də bir az da artıb. Doğrudur, yoluxan xəstələrin də sayı çoxdur və təbii ki, say çox olanda ölüm halları da çox olacaq. Ona görə də virusun mutasiyaya uğraması barədə deyilənlər doğru deyil”.

“Yaxın gələcəkdə infeksiyanın azalması ilə əlaqədar proqnozlar vermək çox çətindir. Ümid yalnız peyvəndlərin aparılmasıdır və düşünmək olar ki, bu ilin dekabrında artıq bu işə başlanılacaq. Onun ölkəmizə mart-aprel və bəlkə də bir qədər yubanaraq mayda gətiriləcəyini gözləmək olar. Onun dərhal səmərə verməyini gözləmək də düz olmaz, çünki ölkəmizdə təxminən 1-2 milyon nəfərə peyvənd vurulmasını təmin etmək mümkün olacaq. Bütün risk qruplarını əhatə etmək çox çətindir. İnfeksiyanın yayılması davam edəcək, olsun ki, peyvəndlərin təsirindən virus mutasiyaya uğrayacaq və tədricən öldürücülük, ağır xəstəlik törətmək qabiliyyətini itirəcək. Ona görə də peyvəndləmənin başlamasını səbirsizliklə gözləyirik, çünki digər vasitələr yalnız dəstək xarakteri daşıyır”,- deyə pulmonoloq bildirib. Həkim hesab edir ki, vətəndaşlarımız öz davranışları ilə vəziyyətin yaxşılaşmasına töhfə verməli, daha məsuliyyətli olmalı, karantin qaydalarına ciddi şəkildə riayət etməlidirlər.
Bu xəbər oxucular tərəfindən 573 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed