Şrift:
Şuşa uğrunda döyüşlərdə yaralanan qazi sağalaraq evinə dönüb
07.12.2020 [13:35] - Xəbərlər, Hərb
Qırx dörd günlük Vətən müharibəsində İmişlidən olan qazi Bünyamin Məmiyev bu qələbədə payı olduğu üçün çox qürurludur. Şuşaya qədər döyüş yolu keçən Bünyamin noyabrın 8-də yaralanıb. Qələbə xəbərini isə hospitalda eşidəndə, bütün ağrılarını unudub.

Vətən müharibəsində iştirak edən və Şuşa uğrunda gedən döyüşlərdə yaralanan Bünyamin sağalaraq evinə dönüb. Qazi şəhər girişində alqışlarla qarşılanıb. Doğma yurduna qayıdan qazi öncə Şəhidlər xiyabanına üz tutub, vətən uğrunda canından keçən oğulların məzarını ziyarət edib.

Vətən müharibəsində iştirak edən qazi söyləyib ki, çox qürurludur, çünki torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, şəhidlərimizin qisası alınmasında yaxından iştirak edib: “Sentyabrın 27-də düşmən təxribatına qarşı əks-hücuma başladıq. Tərtərdə ilk dəfə yaralandım və hospitala göndərdilər. Özümü yaxşı hiss etdiyim üçün könüllü olaraq yenidən döyüşə yollandım. Suqovuşan uğrunda döyüşdük. Yeni tapşırıq gəldi və Füzuli istiqamətinə yollandıq, orada bir kəndi və yüksəkliyi azad etdik. Hər birimiz ruh yüksəkliyi ilə döyüşürdük və düşmənin xeyli canlı qüvvəsini məhv etdik. Döyüşümüz planlı şəkildə idi, artilleriya bizə dəstək atəşi verirdi. Daha sonra Hadrut istiqamətinə yollandıq. Bir gün orada qaldıqdan sonra yeni tapşırıq gələndə yolumuz Şuşaya oldu. Biz hücuma keçdik və tanklar bizə dəstək olurdu. Tanklarımız mühasirəyə düşsə də, biz də öz üzərimizə düşən vəzifəmizi yerinə yetirdik və 2 tankı mühasirədən çıxardıq. Düşmən bizi minaatanlardan atəşə tutmasına baxmayaraq, biz irəliləyirdik. Şuşaya doğru irəlilədik, noyabrın 8-də döyüşlərdə yaralandım. Döyüşçü yoldaşlarım atəş xəttindən məni çıxardı. Həkimlərimiz də sağ olsunlar, ilkin tibbi yardım göstərib məni hospitala göndərdilər. Elə hospitalda olanda qələbə sevincin eşitdim. Bütün ağrılarımı bir anda unutdum”.

Qazi övladı ilə fəxr edən Gülayə Məmiyeva deyib ki, çox sevinclidir: “Arzu edirəm ki, bütün yaralı əsgərlərimiz sağalıb ailəsinə qovuşsun, şəhidlərimizə isə rəhmət diləyirəm, bütün şəhid analarının qarşısında baş əyirəm. Çox şükür, Ali Baş Komandanın rəhbərliyi ilə güclü ordumuzun şücaəti nəticəsində torpaqlarımız azad edildi. Övladımın hər zaman bir arzusu olub ki, böyüyəndə torpaqlarımızın azad edilməsində iştirak etsin. Elə də oldu, o, arzusuna çatdı. Fəxr edirəm, övladım vətən uğrunda yaralanıb. Şuşamızın alınmasında övladımın bir zərrə qədər payı olduğu üçün çox qürurluyam”.
Bu xəbər oxucular tərəfindən 695 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed